18 C
Baku
Wednesday, October 22, 2025

Azərbaycanda diri heyvan idxalı üçqat artıb: daxildə isə azalma var!

2025-ci ilin ilk səkkiz ayında Azərbaycana diri heyvan idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında xəbər verir ki, cari ilin yanvar–avqust aylarında ölkəyə safqanlı cins diri iribuynuzlu heyvanların (düyələr, inəklər və digərləri) idxalı 3 831 baş təşkil edib. Bu, 2024-cü ilin eyni dövründəki 1 245 başlıq göstəricidən 3,1 dəfə çoxdur. İdxalın ümumi dəyəri 16,4 milyon dollar olub, illik artım 3,6 dəfə təşkil edib (ötən il 4,55 milyon dollar idi).

Ən çox idxal olunan ölkələr arasında Çexiya (1 415 baş və ya 6,18 milyon dollar), Estoniya (989 baş, 4,23 milyon dollar) və Danimarka (573 baş, 2,28 milyon dollar) fərqlənir. 2025-ci ildə bu sahədə əsas tədarükçülər siyahısına yeni ölkələr – Uruqvay, Latviya Litva da əlavə olunub. Ən böyük artım məhz Uruqvaydan idxalda müşahidə edilib – 300 baş cins heyvanın dəyəri 1,55 milyon dollar təşkil edib.

Ətlik və digər diri iribuynuzlu heyvanların idxalı da ciddi artım göstərib. Cari ilin ilk səkkiz ayında 74 520 baş heyvan idxal olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur (ötən il 30 359 baş). Bu kateqoriyada idxalın ümumi dəyəri 59,7 milyon dollar olub və illik artım 135% təşkil edib. Ən böyük pay Rusiya (44 024 baş, 39,9 milyon dollar), Gürcüstan (26 826 baş, 18 milyon dollar) və Qazaxıstan (3 670 baş, 1,7 milyon dollar) arasında bölüşdürülüb.

Diri qoyunların idxalında da artım qeydə alınıb. 2025-ci ilin ilk səkkiz ayında ölkəyə 194 371 baş diri qoyun gətirilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur (2024-cü ildə 112 504 baş). İdxalın ümumi dəyəri 22,3 milyon dollar təşkil edib ki, bu da illik 2,1 dəfə artım deməkdir. Əsas tədarükçülər sırasında Rusiya (121 198 baş, 14,08 milyon dollar) və Gürcüstan (73 173 baş, 8,22 milyon dollar) öndədir.

Son illərdə Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında azalma davam edir ki, bu da ət bazarında qiymət artımına səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021–2025 dövründə iribuynuzlu heyvanların sayı 8%, qoyun və keçilərin sayı isə 16,4% azalıb. Nəticədə, qoyun ətinin qiyməti 11,9 manatdan 18,7 manata (57%), mal ətinin qiyməti isə 10,5 manatdan 15,8 manata (50%) yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər