Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi ümumi dəyəri 40 milyard avrodan çox olan malların ixracına qadağa qoyulmasını nəzərdə tutur. Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, hərbi sənayedə istifadə oluna bilən malların – faydalı qazıntılar, keramika və rezin daxil olmaqla – 40 milyard avrodan çox məbləğdə ixracına qadağa qoyulacaq.
Agentliyin məlumatına görə, yeni paket həmçinin Çin və Hindistandan olan hüquqi şəxslərə qarşı ticarət məhdudiyyətlərini də əhatə edir. Bununla yanaşı, sanksiyalar siyahısına 100-dən çox neft tankeri daxil ediləcək.
Paketin təsdiqlənməsi Avropa İttifaqının oktyabrın 23-də keçiriləcək sammitində gözlənilir. “Bloomberg” yazır ki, sanksiyaların qəbul edilməsi Avstriya, Macarıstan və Slovakiyanın maneələri səbəbindən bir neçə həftə gecikib.
Məlumata görə, Avstriya ilkin olaraq rusiyalı sahibkar Oleg Deripaskanın aktivlərinin dondurulmasının dayandırılmasını tələb edib ki, bu da “Raiffeisen Bank International”ın cərimələr səbəbindən çəkdiyi itkiləri kompensasiya etmək məqsədi daşıyıb. Lakin Vyana digər Aİ ölkələrinin dəstəyini almadığı üçün bu ideyadan imtina edib. Macarıstan isə paketi bloklamayacağını bildirib, lakin ölkənin xarici işlər naziri Peter Siyyarto vurğulayıb ki, “indiyədək sanksiyalar heç bir nəticə verməyib”.
Xatırladaq ki, sentyabrın 19-da Avropa Komissiyası 19-cu sanksiyalar paketinə daxil ediləcək təklifləri təqdim etmişdi. Aİ Komissiyasının sədri Ursula fon der Lyayen bildirmişdi ki, yeni məhdudiyyətlər üçüncü ölkələrdə – o cümlədən Çin və Hindistanda – neft emalı zavodları, neft treyderləri və neft-kimya şirkətlərinə yönələcək.