“Pensiya ödənişlərinin paytaxt, iri şəhərlər və rayonlar üzrə eyni vaxtda həyata keçirilməsini təklif edirik. Nəzərə almaq lazımdır ki, bəzi pensiyaçılarımızın kredit və digər öhdəlikləri var. Ona görə də, daha məqsədəuyğun olardı ki, bütövlükdə pensiya ödənişləri respublika üzrə eyni vaxtda və ya daha yaxın günlərdə həyata keçirilsin”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, proses elektronlaşıb və praktik olaraq bu ödənişləri daha qısa müddətdə həyata keçirmək mümkündür:
“Ona görə də, biz pensiya ödənişləri zamanı paytaxt, iri şəhərlər və ya rayonlarla bağlı hər hansı bir bölgünün aparılmasının tərəfdarı deyilik. Hesab edirəm ki, ödənişlər eyni vaxtda və ya yaxın günlərdə həyata keçirilməlidir. Əgər paytaxtda ödənişlər ayın 10-u olursa, rayonlarda növbəti gün reallaşmalıdır. Bir neçə gün ərzində respublika üzrə ödənişlərin həyata keçirilməsi məqsədəuyğundur.
Çünki praktik olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi var. Yığımlarda çətinlik yoxdur. Hər hansı bir çağırışlar yoxdur, sistem elektronlaşıb. Bu baxımdan ödənişləri daha qısa interval və ya müddətdə həyata keçirmək mümkündür. Bu imkan verəcək ki, kredit və başqa öhdəliyi olan vətəndaşlarımızın ödənişlərində hər hansı bir çətinliklər yaranmasın”.