17 C
Baku
Thursday, October 23, 2025

ARDNF bazardakı “şəraitdən” yararlanaraq investisiya gəlirlərini artırıb

2025-ci ilin 9 ayı  ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in rüblük hesabatında qeyd edilir.

2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə nisbətən 16,9% artaraq 70 milyard 161,7 milyon ABŞ dolları təşkil etmişdir. İlin əvvəlində ümumi aktivlər 60 milyard 31,4 milyon ABŞ dolları olmuşdu.

Suveren fondun investisiya gəliri ilk rübdə 5 milyard 235,7 milyon manat olub.

Maliyyə bazarları baxımından, üçüncü rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olmuşdur. Hesabat dövrü ərzində Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunmuşdur. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə ARDNF-nin borc öhdəliklərindən əldə etdiyi gəlirlər artmışdır.

Qlobal səhm bazarları üçüncü rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirmişdir. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərmişdir. Bu müsbət dinamika rüb ərzində ARDNF-nin səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə vermişdir.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirmişdir. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə vermişdir.

Ötən gün AMB sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, onlar da qızılın qiymətini “qeyri-müəyyənliklər” səbəbindən bahalaşmaqa davam edəcək.

O bunu, jurnalistin hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının 81.5 mlrd. ABŞ dollarına yüksəlməsi fonunda qızılın qiymətinin əks istiqamətdə dəyişəcəyi şəraitində ümumi aktivlərə necə təsiri ola biləcəyini cavablandırarkən deyib. Belə ki, strateji valyuta ehtiyatlarının əsas hissəsini Dövlət Neft Fondu formalaşdırır və onun da portfelində qızılın böyük payı var.

Onun sözlərinə görə bazarda son 2%-3% azalma kimi volotilliyin ola biləcəyini, bununla belə növbəti ilə də proqnozun artımla davam edəcəyini qeyd edib.

“Biz bunu Dövlət Neft Fondu ilə müzakirə etməmişik. Qızılın qiymətində artım tempinin eyni sürətlə ola bilməyə bilər, amma artım olacaq”.

Xatırladaq ki, dünya birjalarında qızlın spot qiyməti son bir ildə 51% bahalaşaraq 4 100 dollar/unsiyaya yüksəlib.

Son xəbərlər
Digər xəbərlər