Silikon Vadisində süni intellekt tədqiqatları sahəsində çalışan işçilər “9-9-6” (səhər 9-dan axşam 9-a, həftədə 6 gün) çərçivəsindən kənara çıxan iş qrafiki barədə danışıblar, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Müsahiblər bildirib ki, bəzi startaplar əmək müqavilələrində həftədə 80 saat işləmə tələbi qeyd ediblər. Rəhbərlərdən biri zarafatla yeni rejimi “0-0-2” adlandırıb — bir günün gecə yarısından növbəti günün gecə yarısınadək, həftəsonu isə cəmi iki saatlıq fasilə ilə.
“LifeX” vençur fondunun partnyoru İnaki Berenger qeyd edib ki, bazar günü artıq süni intellekt startaplarının əməkdaşları üçün şəxsi görüşlər, ümumi iclaslar və məhsulun inkişaf planlarının müzakirəsi vaxtına çevrilib. “Təxminən on il əvvəl həftəsonu yalnız startap təsisçiləri və top-menecerlər işləyirdi”, — deyə o əlavə edib.
“Qeyri-normal” qrafiklə yalnız süni intellekt modelləri və əlaqəli məhsullar üzərində işləyən komandanın kiçik hissəsi çalışır. Bir çox əməkdaş isə ofisdə daha uzun qalmağı öz istəyilə seçir — neyroşəbəkələrin yeni imkanlarına maraq və digər şirkətlərlə rəqabət səbəbindən.
“Anthropic” şirkətinin elmi əməkdaşı Coşua Betson süni intellektin “proqnozlaşdırılmazlığı” səbəbindən iş qrafikini planlaşdırmağın mümkün olmadığını bildirir: “Çox vaxt modeli sınaqdan keçirib real şəraitdə işə salmadan nəticənin necə olacağını dəqiq bilmirsiniz. Bu, mühəndislikdən çox təkamülə bənzəyir”.
Müsahiblər etiraf ediblər ki, “yüksək” maaşlara baxmayaraq, onları xərcləmək üçün boş vaxtları yoxdur. “Google DeepMind” mütəxəssisi Madhavi Sevakın sözlərinə görə, bir çox əməkdaş məzuniyyətdən də imtina edir: “Onlar yalnız işlə yaşayırlar”, — o vurğulayıb.
Şirkətlərin bəziləri demək olar ki, bütün vaxtını ofisdə keçirən əməkdaşları dəstəkləmək üçün həftəsonu qidalanma təklifi verməyə başlayıb. Digərləri isə layihə nəticələrinə nəzarət üçün qısamüddətli rəhbərlər təyin etməyə başlayıblar.
Silikon Vadisindən kənardakı bəzi startaplar da “qeyri-normal” iş rejimində çalışır. Məsələn, Qazaxıstanın süni intellekt şirkəti “Higgsfield” bəzi vakansiyalarda həftədə 6 gün, gün ərzində 12–15 saat işləmə tələbi göstərir.