ABŞ Prezidenti Donald Tramp 30 oktyabrda “TikTok” sosial şəbəkəsi ilə bağlı yekun sazişi imzalaya bilər. Bu barədə o, Yaponiyaya uçuş zamanı təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib. ABŞ prezidentinin jurnalistlərlə söhbətinin audio-translyasiyası Ağ Evin “YouTube” kanalında aparılıb.
“Bəlkə də”, – deyə Tramp 30 oktyabrda sazişi imzalayıb-imzalamayacağı ilə bağlı jurnalistin sualına cavab verib. ABŞ lideri qeyd edib ki, artıq Çin Xalq Respublikasının Sədri Si Cinpindən “ilkin razılıq” alıb.
25 sentyabrda Tramp elə bir sazişi təsdiqləyən fərman imzalayıb ki, həmin sazişə əsasən Çin sosial şəbəkəsi “TikTok”un ABŞ-dəkı fəaliyyəti Amerika biznesinin nəzarətinə keçəcək. Fərmanda qeyd olunur ki, yeni struktura ən böyük pay və nəzarət ABŞ vətəndaşlarına məxsus olacaq. Çin şirkəti “ByteDance” 20%-dən az pay alacaq, qalan hissə isə “müəyyən investorlar”a məxsus olacaq. Şirkətə ABŞ vətəndaşlarının məlumatlarının lazımi qaydada qorunmasını və ölkənin təhlükəsizliyini təmin edəcək qaydalara uyğun olaraq yeni direktorlar şurası rəhbərlik edəcək. Yeni şirkətin dəyərinin təxminən 14 milyard dollar olacağı gözlənilir.
“ByteDance” şirkətini sosial şəbəkəni satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanun 2024-cü ildə ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən imzalanmışdı. Tramp bildirib ki, bu platformaya müsbət yanaşır, çünki onun istifadəçilərinin səsləri prezident seçkilərində qələbə qazanmasına kömək edib. 20 yanvar 2025-ci il tarixində inauqurasiyadan sonra o, bu platformanın ABŞ-də bloklanmasını təxirə salan fərman imzalayıb. Sonradan dəfələrlə bu müddəti uzadıb. Sonuncu dəfə bunu 16 sentyabrda edib. Sosial şəbəkənin ABŞ-də bloklanması 16 dekabradək təxirə salınıb. Sentyabr ayında Tramp bildirib ki, çox böyük şirkətlər qrupu “TikTok”u almaq istəyir və Çin tərəfi ilə ilkin razılaşmaların olduğunu açıqlayıb.







