Azərbaycanda tibbi sahədə istifadə edilən şpris istehsalının həcmi 2025-ci ilin ilk üç rübündə kəskin düşüb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 45 milyon 844.8 min ədəd istifadə edilən iynəli və ya iynəsiz şprislər istehal edilib və bu öncəki ildəkindən 24 milyon 961 min və ya 35 faiz azdır.
Belə ki, 2024-cü ilin analoji dövründə 70 milyon 805.9 min ədədlik şpris istehsal edilmişdi. 2023-cü ilin eyni dövründə isə 78 milyon 531.5 min ədəd şpris istehsal edilmişdi.
Şpris Azərbaycanda Pirallahı Sənaye Parkında “Diamed Co “ Şpris İstehsalı zavodu tərəfindən istehsal edilir. Zavod 50 nəfərlik işçi heyəti ilə müxtəlif tutumlu 2, 5, 10 və 20 qramlıq olmaqla ildə 150 milyon ədəd şpris istehsalı gücünə sahibdir.
Şpris zavodu 2023-cü il üzrə hesabat ilində satışdan 9.64 milyon manatlıq gəlir əldə edərək 2022-ci ili 1.955 mln. manat üstələyib.






