İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiya paketindən bir sıra əlavə tədbirləri tətbiq edib, həmçinin Belarusa qarşı Aİ məhdudiyyətlərinə də qoşulub. Bu barədə məlumat ölkə hökumətinin saytında yer alıb. Yeni tədbirlər ticarətə, enerji və maliyyə sektorlarına aiddir.
Rəsmi açıqlamada qeyd olunur ki, İsveçrə Rusiyanın sənayesini gücləndirə və onun hərbi-texniki inkişafına töhfə verə biləcək malların ixracına nəzarəti sərtləşdirəcək. Bu məhdudiyyətlər yanacaq üçün kimyəvi komponentlərə, bəzi metallar və plastiklərə şamil edilir. Bundan əlavə, ölkə 22 Rusiya bankı ilə bütün tranzaksiyaları qadağan edib və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) ilə istənilən əməliyyatları məhdudlaşdırıb.
Enerji sektorunda tətbiq edilən sanksiyalar çərçivəsində İsveçrə rus xammalından alınan neft məhsullarının üçüncü ölkələrə idxalını qadağan edib (istisnalar: Kanada, Norveç, Böyük Britaniya və ABŞ). Həmçinin ölkə “Şimal Axını-1” və “Şimal Axını-2” qaz kəmərləri ilə bağlı bütün maliyyə əməliyyatlarını dayandırır. Bundan əlavə, İsveçrə sanksiyalarla bağlı ölkə və ya Avropa İqtisadi Zonası hüdudlarından kənarda verilmiş arbitraj qərarlarını tanımayacaq.
Aİ Şurası 18-ci sanksiya paketini 18 iyulda təsdiqləyib. Paketin tərkibinə rus xammalından alınan neft məhsullarının satışına qadağa, Hindistanın “Vadinar” neft emalı zavoduna qarşı birbaşa sanksiyalar, 22 Rusiya bankına və RBİF-ə məhdudiyyətlər, eləcə də “Şimal Axını” layihələri üzrə bütün tranzaksiyaların tam qadağanı daxildir.







