“Google” şirkəti tərəfindən hazırlanmış “Gemini” neyroşəbəkəsinin aylıq aktiv istifadəçi sayı 650 milyon nəfəri ötüb. Bu barədə “Google”un daxil olduğu “Alphabet” şirkəti üçüncü rüb üzrə maliyyə hesabatında məlumat verib.
“Gemini”nin istifadəçi sayı çox sürətlə artır: daha əvvəl bildirilib ki, 2024-cü ilin oktyabrında süni intellekt (Sİ) modelinin 90 milyon aylıq istifadəçisi var idi, bu ilin martında isə bu göstərici 350 milyona çatıb. Sentyabr ayında “Google” “Gemini”yə şəkil generasiyası üçün “Nano Banana” adlı alət əlavə etdikdən sonra istifadəçi sayı 23 milyon nəfər artıb. Şirkət gələn il “Gemini 3” adlı yenilənmiş versiyanı təqdim etməyi planlaşdırır.
Bundan əlavə, “Alphabet” bildirib ki, şirkətin pullu xidmətlərinə abunə olanların sayı 300 milyonu keçib — onların əksəriyyəti “YouTube Premium” və “Google One” bulud xidmətlərinə abunədir.


 
                                    





