2025-ci ilin ilk üç rübündə Azərbaycana ümumilikdə 1 milyon 948,2 min gələn turistlər 2 milyard 516 milyon manat xərcləyiblər.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə 1 milyon 948 min nəfər əcnəbi səfər edib, hər turistin orta xərci isə 1 292 manat təşkil edib.
Turistlərin sayı öncəki illə müqayisədə bu il 35 min azdır. Əsas azalma olan ölkələr Rusiya (80 min azalma), Hindistan (48 min azalma), Oman (7.3 min azalma) və Küveyt (4.7 min azalma) kimi ölkələr olub.
Ən çox xərcləyən turistlər Qətər və ABŞ vətəndaşları olub. Qətərdən gələn 2 152 turist ümumilikdə 4,8 milyon manat xərcləyərək, adambaşına 2 236 manatla ilk yeri tutub. ABŞ-dan gələn turistlərin xərci 41,5 milyon manat, hər nəfərə düşən məbləğ isə 2 221 manat olub.
İlk beşlikdə Kanadadan (2 206 manat), Küveytdən (2 114 manat) və Birləşmiş Ərəb Əmirliklərindən (2 054 manat) gələn turistlər qərarlaşıb.
Ümumilikdə Körfəz ölkələrindən – xüsusilə Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dən gələn səfərlərin sayı və xərcləri digər regionlarla müqayisədə daha yüksək olub.
Ən az xərcləyənlər isə qonşu ölkələrdən gələn turistlərdir – Türkiyədən gələnlər adambaşına orta hesabla 778 manat, Gürcüstandan gələnlər isə 752 manat xərcləyiblər. İran turistləri isə ən aşağı göstərici ilə fərqləniblər – cəmi 108 manat.


 
                                    





