13 C
Baku
Tuesday, November 4, 2025

“Coinbase”in rəhbəri investorlarla zəngdə məşhur kriptoterminləri sadalayaraq proqnoz bazarlarını “trolladı”

“Coinbase” şirkətinin baş direktoru Brayen Armstronq investorlar və analitiklərlə keçirdiyi kvartal hesabatını sanki təsadüfi seçilmiş terminlərdən ibarət “dəbli sözlər toplusu” ilə başa vurdu.

“Bir az fikrim yayındı, çünki proqnoz bazarlarında Coinbase-in maliyyə nəticələri barədə nə deyəcəyini izləyirdim. Sadəcə çıxışımın sonunda Bitcoin, Ethereum, blokçeyn, steykinq və Web3 sözlərini əlavə etmək istəyirəm ki, konfrans bitməmiş onları qeyd etmiş olaq,” — deyə Armstronq bildirdi.

“Bloomberg” qeyd edir ki, “Kalshi” və “Polymarket” adlı proqnoz platformalarında istifadəçilər zəng zamanı hansı sözlərin səslənəcəyinə dair mərclər ediblər. Bu, “qeyd bazarı” adlanan dar ixtisaslı kateqoriyadır. Burada nəticə hansı ifadələrin səslənəcəyinə əsaslanır.

Zəngin sonunda bir neçə söz hələ qeyd olunmamış qaldığından, Armstronq onları sadalayaraq oxuyub. Agentliyin məlumatına görə, istifadəçilər “Coinbase” rəhbərinin müəyyən sözləri işlədib-işlətməyəcəyinə ümumilikdə təxminən 84 min dollar məbləğində mərc qoyublar.

Daha sonra Armstronq “X”də yazıb ki, çıxışının bu hissəsi spontan olub, çünki komandadan biri daxili çatda bu mərclərlə bağlı link paylaşıb. “Bu, sadəcə əyləncəli idi”, – deyə “Coinbase”in rəhbəri bildirib.

Proqnoz bazarlarının tərəfdarları bu formatın nəticələri proqnozlaşdırmaq üçün “daha şəffaf və demokratik” üsul olduğunu deyirlər. Onların fikrincə, belə xidmətlər insan əhval-ruhiyyəsini sorğulardan və ekspertlərdən daha dəqiq əks etdirir. Lakin “Coinbase” hadisəsi bu bazarların da nə qədər asanlıqla manipulyasiya edilə biləcəyini göstərir. “Kalshi” və “Polymarket” hadisəyə şərh verməkdən imtina ediblər.

Son xəbərlər
Digər xəbərlər