Son bir ay ərzində böyük investorlar təxminən 400 min bitkoini hesablardan çıxarıblar, bu barədə “Bloomberg” yazıb. Analitiklərin fikrincə, məhz iri holderlərin satışları bazardakı hazırkı enişdə əsas rol oynayıb.
Son bir ayda satılan bitkoinlərin ümumi dəyəri 45 milyard dollar təşkil edir. Hesablamalar köçürülən aktivlərin həcmi və onların saxlanma müddətinə əsaslanır.
Ən çox satılanlar 6–12 ay ərzində hərəkətsiz qalan bitkoinlərdir. Analitiklər bunu iyul ayının ortalarından başlayan mənfəət fiksasiyası ilə əlaqələndirirlər. Balansında 100–1000 BTC olan ünvanlar yığım tempini azaldıb, 1000–10 000 BTC-yə sahib olanlar isə satışları davam etdirir. 10–11 oktyabr tarixlərindəki enişdən sonra institusional investorların bitkoinə marağı azalıb.
Nəşrin müsahibə aldığı analitiklərdən biri bildirib ki, 2021–2022-ci illərin ayı bazarında iri investorlar 11 ay ərzində 1 milyondan çox bitkoin satıblar. Hazırkı satışlar eyni templə davam edərsə, eniş bir neçə ay da uzana və qiymət 85 min dollara qədər düşə bilər. Bununla belə, o, kəskin çökmə gözləmədiyini qeyd edib.








