ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.
Bu barədə ABŞ liderinin bəyanatında deyilir.
Tramp vurğulayıb ki, ABŞ-nin İranla münasibətləri hələ normallaşdırılmayıb, amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.
Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.
14 noyabr 1979-cu ildə ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 saylı İcra Sərəncamı imzalayıb. ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi aktivlərini, o cümlədən Amerika banklarındakı hesablarını dondurmaq əmri verilib.
Bu faktiki olaraq İrana qarşı ilk cəza iqtisadi tədbirlərinin tətbiqi ilə əlamətdar olub. 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-ın İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan edib. Bundan sonra İrandan ABŞ-yə bütün idxal mallarına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub.








