Türrinq mükafatı laureatı və süni intellekt sahəsinin pionerlərindən biri olan Yan Lekun yaxın aylarda”Meta”dan ayrılacağını bildirib, bu barədə “Financial Times” yazıb.
Məlumata görə, alim yeni layihəsi üçün investisiya cəlb etmək məqsədilə danışıqlar aparır. FT dəqiqləşdirir ki, Lekun 2013-cü ildən “Meta”nın Fundamental Süni İntellekt Tədqiqatlar Laboratoriyasına (FAIR) rəhbərlik edir. Nə Lekun, nə də “Meta” mövzu ilə bağlı şərh verməyib.
Qəzetin yazdığına görə, rəqabətin artması fonunda şirkətin rəhbəri Mark Zukerberq uzunmüddətli tədqiqatlardan imtina edib, modellərin və süni intellekt (Sİ) məhsullarının sürətli tətbiqinə yönəlib. 2025-ci ilin yayında o, “Scale AI” startapının həmtəsisçisi Aleksandr Vanı “Meta”nın yeni “superintellekt” komandasının rəhbəri təyin edib.
FT qeyd edir ki, Zukerberqin bu “kurs dəyişikliyi” uğursuz “Llama 4” modellərinin buraxılışından sonra baş verib. Bununla yanaşı, “Meta AI” çat-botu istifadəçilər arasında geniş populyarlıq qazana bilməyib.
Lekun isə artıq uzun müddətdir bildirir ki, şirkət rəhbərinin əsas diqqət yetirdiyi böyük dil modelləri “faydalıdır”, lakin insan kimi düşünmə qabiliyyətinə malik deyil”.
Bunun əvəzində, Lekun FAIR daxilində “dünya modelləri” adlandırılan Sİ sistemlərinin hazırlanmasına yönəlib — yəni real dünyanın fiziki və məkan dinamikasını anlayan sistemlərə. FT-nin mənbələrinin sözlərinə görə, o, gələcəkdə də bu istiqamətdə işləmək niyyətindədir.







