9 noyabr tarixinədək olan həftədə Rusiyanın dəniz yolu ilə neft ixracı bir qədər artsa da, əvvəlki azalmaları kompensasiya etməyə kifayət etməyib. Nəticədə, dörd həftəlik orta göstərici ardıcıl üçüncü dəfə azalıb və son iki ayın minimum səviyyəsinə — gündə 3,45 milyon barelə (həftəlik -130 min barel) düşüb. Bu barədə gəmi izləmə məlumatlarına istinadən “Bloomberg” agentliyi yazıb.
22 oktyabrda ABŞ “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan sonra bəzi Asiya alıcıları artıq Rusiya neftindən imtina ediblər. Lakin vəziyyətin tam mənzərəsi hələlik aydın deyil, çünki rus nefti daşıyan tankerlər son ana qədər marşrutlarını açıqlamırlar.
“Bloomberg”in məlumatına görə, son dörd həftədə yüklənmiş Rusiya neftinin təxminən 35%-ni daşıyan gəmilər hələ də son təyinat məntəqəsini göstərməyib. Bundan başqa, alıcı tapmayan Rusiya nefti dənizdə toplanır və bu, bəzi gəmiləri üzən anbarlara çevirir.
Əksər “naməlum təyinatlı” tankerlər istiqamət kimi Süveyş kanalını göstərir. Bu da onların demək olar ki, Asiyaya doğru hərəkət etdiyini göstərir. Bununla belə, bu gəmilərin faktiki olaraq hara getdiyi yalnız təyinat yerinə çatdıqda bəlli olacaq. Qeyd edək ki, Baltik dənizindən Hindistana qədər yol təxminən bir ay, Çinə isə iki ay çəkir.






