18 C
Baku
Wednesday, November 12, 2025

“Financial Times”: LUKOIL xaricdəki $14 milyardlıq aktivlərini itirə bilər

“Financial Times” yazır ki, LUKOIL-in xaricdəki aktivlərini neft treyderi “Gunvor”a satmaqla bağlı razılaşmanın pozulması, Rusiyanın ən böyük özəl neft şirkətinə təxminən 14 milyard avroya başa gələ bilər.

Nəşrin hesablamalarına görə, bu məbləğ LUKOIL-in xaricdəki törəmə şirkətlərində nəzarət payına malik olduğu bölmələrin minimal dəyərini əks etdirir. Qiymətləndirmə şirkətin Avstriyadakı beynəlxalq ofisinin və onun Niderlanddakı törəmə şirkətlərinin sənədlərinə əsaslanır.

ABŞ LUKOIL və onun törəmə şirkətləri ilə əməliyyatların tam dayandırılması üçün noyabrın 22-dək vaxt verib. Rusiya neft bazarındakı mənbələrdən biri FT-yə bildirib ki, “Gunvor”a üstünlük verildikdən sonra kənarda qalan bəzi potensial alıcılar yenidən danışıqlara qayıtmağa cəhd edə bilərlər. Lakin onun sözlərinə görə, “LUKOIL aktivlərinin sahibləri onların yerləşdiyi ölkələr tərəfindən müsadirə ediləcəyinə hazırlaşırlar”.

“Bloomberg” yazır ki, Avropada sanksiyalar fonunda LUKOIL-in aktivləri uğrunda “həqiqi mübarizə” başlayıb. Bir sıra ölkələr ABŞ-yə müraciət edərək şirkətin neft emalı zavodlarından (NEZ) istifadə üçün lisenziya verilməsini istəyib. Bu ölkələr arasında Rumıniya və Bolqarıstan da var. Rumıniya prezidentinin iqtisadi müşaviri Radu Burnete isə ölkədəki LUKOIL aktivlərinin dövlət tərəfindən alınması ehtimalını istisna etməyib.

Keçən həftə LUKOIL İraqın Qərbi Qurna-2 yatağında fors-major elan edib. “Reuters”in məlumatına görə, İraq sanksiyalardan sonra şirkətə bütün ödənişləri dayandırıb və LUKOIL xəbərdarlıq edib ki, vəziyyət altı ay ərzində düzəlməsə, layihədən çıxacaq.

Kremlin nümayəndələri bildiriblər ki, LUKOIL-in beynəlxalq ticarət və iqtisadi münasibətlər çərçivəsindəki bütün qanuni maraqları qorunmalıdır. Rusiya hakimiyyəti Qərb sanksiyalarını qeyri-legitim hesab edir.

Son xəbərlər
Digər xəbərlər