14 C
Baku
Monday, November 17, 2025

“Alphabet” səhmləri Baffetin şirkətə $4,3 milyardlıq investisiya qoyduğunu açıqlamasından sonra 6% bahalaşıb

“Alphabet” səhmləri ABŞ-də “Nasdaq” birjasının premaket ticarətləri zamanı 5,9% artaraq maksimumda 293,28 dollara yüksəlib. Bakı vaxtı ilə 16:03-ə artım 4,4%-ə qədər zəifləyib. Xatırladaq ki, 14 noyabrda “Alphabet” səhmləri 276,98 dollar (-0,77%) dəyərində olub.

“Google”un ana şirkətinin kotirovkaları bazar ertəsi yüksəlib. Buna səbəb investisiya şirkəti “Berkshire Hathaway”in “Alphabet”dəki payını açıqlaması olub. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim olunan sənədlərə əsasən, “Berkshire” 2025-ci ilin III rübündə “Alphabet”in 17,8 milyon səhmini alıb. “The Wall Street Journal” qeyd edir ki, sentyabrın sonuna bu payın dəyəri 4,3 milyard dollardan çox olub. Hələ 2018-ci ildə CNBC efirində Baffet demişdi ki, reklama dair potensialını başa düşsə də, “Google-a erkən mərhələdə sərmayə qoymamaqla hər şeyi əldən verib”, çünki “texnologiyalar sahəsində kifayət qədər məlumatlı olmayıb”.

95 yaşlı Uorren Baffet “Forbes Real-Time Billionaire” reytinqinə görə dünyanın ən varlı 10 insanı arasında yer alır. 17 noyabr tarixinə olan məlumata görə, onun sərvəti 150,7 milyard dollar olaraq qiymətləndirilir. Noyabr məktubunda milyarder bildirib ki, o “kölgəyə çəkilir”, artıq illik məktublar yazmayacaq və iclaslarda çıxış etməyəcək. 2025-ci ilin sonunda Baffet baş direktor vəzifəsini varisi Qreq Abelə təhvil verəcək. Bununla belə, o, böyük xeyriyyə ianələri barədə danışmağı davam etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər