Saatlı rayonunda yerləşən superintensiv heyva bağının məhsulu artıq Avropa bazarlarına da ixrac olunur. Bu günə kimi bağdan 150 tona yaxın məhsul yığılıb. Hədəf məhsulu Azərbaycan brendi kimi tanıtmaqdır.
Superintensiv heyva bağı 2020-ci ildə Saatlı rayonunun Qaralar kəndində salınıb. Bağın sahəsi 30 hektara yaxındır və Türkiyənin “Eşmə” sortu olan 40 mindən çox heyva ağacı innovativ üsulla becərilib.
Bağ artıq üçüncü məhsul ilindədir və cari mövsüm bol məhsul yetişib. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ərazidə heyvadan başqa alça, armud, nektarin, nar bağları da var və mərhələli olaraq mövsümə uyğun yığım aparılır. Hazırda isə heyva yığımı davam edir.
“Noyabrın əvvəlindən yığıma başlamışıq. Ağaclar çiçəkləyən vaxt havanın əlverişsiz keçməsi məhsuldarlığa təsir etsə də, meyvə boldur. Bağın salınmasında dövlət dəstəyinin də əhəmiyyəti böyükdür. Hər hektara görə subsidiya alırıq. Bu da bağın becərilməsində bizə ciddi dəstəkdir”, – deyə təsərrüfat sahibi bildirib.
Bağdan toplanan məhsullar çeşidləmə mərhələsi üçün anbara gətirilir və 3 çeşid üzrə seçilir. Daha sonra soyuducu anbarlara yığılır. Anbardan isə satışa verilir. Məhsul daxili bazarla yanaşı, həm də xaricə satılır.
Həbib Əhmədovun sözlərinə görə, Rusiyaya, Birləşmiş Ərəb Əmirliklərinə, hətta Avropa bazarlarına da məhsul ixrac olunur.
Rayonda salınan meyvə bağları həm də əlavə iş yerlərinin açılmasına imkan verib. “Təsərrüfatımızda çoxillik bağlarla yanaşı, mövsümi əkinlər də yer alır. Bu sahələr hesabına əlavə iş yerləri yaranır ki, Saatlı ilə bərabər, qonşu rayonlardan – Sabirabad və İmişlidən də bura gəlib mövsümi işləyir, meyvə yığımında iştirak edirlər. Daimi işçilərimizin də sayı artır”, – deyə təsərrüfat sahibi əlavə edib.








