17 C
Baku
Tuesday, November 18, 2025

Ceff Bezos $6,2 milyard investisiya ilə yeni “Project Prometheus” AI-startapını işə salıb

“Amazon”un təsisçisi milyarder Ceff Bezos (Forbes onun sərvətini 245,9 milyard dollar olaraq qiymətləndirir) “Project Prometheus” adlı yeni bir startap yaradıb və burada həmsədr vəzifəsini tutmağı planlaşdırır, bu barədə “The New York Times” məlumat yayıb.

Şirkətin digər həmtəsisçisi fizika və kimya üzrə mütəxəssis Vik Baddjac olub. O, əvvəlcə “Google”un həmtəsisçisi Sergey Brin ilə “Google X” tədqiqat layihəsi çərçivəsində əməkdaşlıq edib (“Google”un gizli bölməsi; o, ağıllı kontakt linzaları, “Wing” dron çatdırılma sistemi və digər ideyalar üzərində işləyir).

Qəzetin mənbələrinin sözlərinə görə, Bezos layihəni qismən maliyyələşdirib, ümumilikdə isə şirkət 6,2 milyard dollar investisiya cəlb edib. “Project Prometheus” artıq “OpenAI”, “DeepMind” və “Meta” şirkətlərindən süni intellekt (Sİ) üzrə mütəxəssislər də daxil olmaqla, təxminən 100 əməkdaş işə götürüb.

“Project Prometheus” süni intellekti aerokosmik, avtomobil və kompüter sənayelərində layihələndirmə və istehsal üçün istifadə etməyi planlaşdırır. Layihənin nə vaxt başladığı və harada yerləşdiyi hələlik məlum deyil.

NYT qeyd edir ki, Bezos 2021-ci ildə “Amazon”un baş direktoru vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə olaraq rəhbərlik rolunu öz üzərinə götürəcək. Bu vəzifəni tərk etdikdən sonra milyarder onun təsis etdiyi “Blue Origin” aerokosmik korporasiyasında daha fəal iştirak etməyə başlayıb. “Blue Origin” İlon Maskın “SpaceX” şirkəti ilə rəqabət aparır. Bezos həmçinin Sİ sahəsinə marağını artırıb.

2024-cü ilin noyabrında Bezos robotlar üçün əsas proqram təminatını hazırlayan “Physical Intelligence” startapına sərmayə qoyub.

“Amazon”un təsisçisi süni intellekt ətrafındakı ajiotajı “sənaye köpüyü” ilə müqayisə edir. Onun fikrincə, bu proses investisiya itkisinə səbəb ola bilsə də, eyni zamanda cəmiyyətə böyük fayda gətirəcək. “Toz yatışanda kimin qalib gəldiyi görünəcək, cəmiyyət bu ixtiralardan faydalanacaq”, – deyə Bezos əlavə edib.

Son xəbərlər
Digər xəbərlər