15 C
Baku
Tuesday, November 18, 2025

“mygov”da yenilik

“mygov” rəqəmsal hökumət platformasında yeni funksionallıq istifadəyə verilib.

Artıq vətəndaşlar özəl qurumlar tərəfindən məlumatlarının sorğulanması barədə bildirişlər alırlar.

Beləliklə, vətəndaşlar “mygov” tətbiqi və veb platforması üzərindən məlumatlarının hansı qurumlar tərəfindən sorğulandığını daha operativ izləyə bilirlər.

Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq “mygov” tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. İstifadəçi bildirişə klik edərək “Bildirişlər” moduluna keçid edə və “Tarixçəyə keçid et” düyməsi vasitəsilə daha ətraflı məlumatı əldə edə bilər. Əgər vətəndaş bildirişdə qeyd olunan şirkət (qurum) tərəfindən sorğulanmaq istəmirsə, bu zaman “İcazələrin idarə edilməsi” moduluna daxil olaraq müvafiq sorğulamanı bağlaya bilər.

Yeni funksionallığın əsas məqsədi vətəndaşların şəxsi məlumatlarına nəzarətini artırmaqdır. Bu xüsusiyyət sayəsində vətəndaşların məlumatlarının sorğulanması barədə vaxtında xəbərdar olmaq və prosesə daha rahat şəkildə nəzarət etmək imkanı olur.

Sorğular məzmununa uyğun olaraq 7 kateqoriya üzrə qruplaşdırılır: fərdi məlumatlar, məşğulluq, ailə, təhsil, nəqliyyat, sosial müdafiə və təminat, rabitə. Nəticədə vətəndaş məlumatların hansı qurum tərəfindən və hansı kateqoriya üzrə sorğulandığını bilir və öz məlumat dövriyyəsini daha səmərəli şəkildə izləyir.

Qeyd edək ki, fərdi məlumatların istifadəsi zamanı vətəndaş razılıqlarının rəqəmsal qaydada idarə olunması da “mygov” platformasının təqdim etdiyi imkanlardan biridir.

Vətəndaşlar “İcazələrin idarə edilməsi” bölməsi vasitəsilə özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, onların qüvvədə qalma müddətini müəyyənləşdirə, eləcə də istədikdə dayandıra və ya yenidən aktivləşdirə bilirlər.

Son xəbərlər
Digər xəbərlər