Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır.
Bunu “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Bu, çox unikal bir layihə olacaq. Mobil tətbiq vasitəsilə qatarların gəlib-getmə vaxtını izləmək mümkün olacaq. Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edə biləcəklər. Eyni zamanda tətbiq vasitəsilə sərnişinlərə getmək istədikləri ünvana uyğun optimal metro marşrutları təklif ediləcək. Bir sözlə, tətbiqdə sərnişinlərin metro üzrə marşrutları daha rahat müəyyən etməsi, stansiyaların giriş-çıxışlarında olan istiqamətlərlə bağlı məlumat alması üçün imkanlar yaradılacaq, metroda hərəkətin optimal vaxt müddətləri və digər bütün yeniliklər təqdim olunacaq. Bundan əlavə sağlamlıq imkanları məhdud insanların metrodan daha təkmil istifadəsi üçün mümkün bütün funksionallıqlar nəzərə alınacaq”, – deyə B.Məmmədov əlavə edib.







