Çində litiumun qiyməti artıq üçüncü gündür ki, optimist proqnozlar fonunda yüksəlməyə davam edir. Ən aktiv litium karbonat kontraktı 100 000 yuanı (14 065 dollar) keçib, daha sonra isə bir qədər ucuzlaşıb. Materialın spot qiymətləri 2024-cü ilin iyulundan bəri ən yüksək həddə çatıb. Ayın əvvəlindən bəri fyuçerslər tələbatın artacağı ilə bağlı inam fonunda demək olar ki, 20% bahalaşıb.
“Ganfeng Lithium Group Co.” şirkətinin idarə heyətinin sədri Li Lianbin gələn il tələbatın 30% artacağını proqnozlaşdırıb. Bu açıqlamadan sonra SQM və “Albemarle Corp.” şirkətlərinin səhmləri müvafiq olaraq 14% və 9,3% yüksəlib.
Hazırda 200 000 ton təklif profisiti olsa da, xüsusilə akkumulyator batareyalarına artan tələbat fonunda litium çatışmazlığı davam edir.
Son həftələrdə iri akkumulyatorlara tələbatın artacağı gözləntiləri litiumu bahalaşdırıb. Əgər gələn il tələbat 30%-i keçsə, qiymətlər Linin sənaye konfransında dediyi kimi, ton başına 150 000–200 000 yuana çata bilər. Bu halda qısamüddətli tələbatı təmin etmək çətin olacaq.
Linin açıqlamaları elektromobil satışlarının zəif artımı səbəbindən çətinlik yaşayan litium sənayesinin bərpasına təkan verib. İndi sənaye elektrik şəbəkələrinin sabitləşdirilməsi və süni intellekt üçün məlumat mərkəzlərinin dəstəyi üçün enerji saxlama sistemlərinə tələbatın artacağına ümid edir.
Şençjen birjasında “Ganfeng”in səhmləri 8%, “Tianqi Lithium Corp.” və “Sichuan Yahua Industrial Group Co.” şirkətlərinin səhmləri isə 10% yüksəlib. Çindən kənarda fəaliyyət göstərən daha kiçik istehsalçıların — “Lithium Americas Corp.”, “Lithium Argentina AG” və “Sigma Lithium Corp.” — səhmləri müvafiq olaraq 14%, 16% və 41% artıb.
“Sublime China Information Co.”nun analitiki Su Czinyi bildirib ki, qısamüddətli fundamental amillər yüksəliş impulsuna işarə etsə də, qiymət artımı gözləntiləri üstələyib. O, qiymətlərin korreksiyası və bazar əhvalının sabitləşməsi riskləri barədə xəbərdarlıq edib.
Çərşənbə axşamı “Guangzhou” birjası yanvar təslimatlı kontraktlar üzrə əməliyyat komissiyalarını artırdığını elan edib. Bu addım spekulyativ ticarəti məhdudlaşdırmağa yönəlib.
“Daiwa Capital Markets Hong Kong Ltd.”nin analitiki Dennis İp isə yaxın zamanda litium qiymətlərinin ilin sonuna doğru enməsi riski olduğunu düşünür. O qeyd edib ki, bazar təklifin artım tempini və 2026-cı il üçün yüksək qiymət gözləntilərini nəzərə almır. Həmçinin avtomobil və energetika sektorlarında litiumun bahalaşmasını istehlakçılara ötürməyin çətin olacağını vurğulayıb.
Çin istehsalçılarının səhmləri fyuçers və spot bazarındakı artımı izləyib. Şençjen ticarətində “Tianqi Lithium Corp.”un səhmləri 8% yüksələrək son iki ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb, “Ganfeng”in səhmləri isə 7% artıb. Çilinin mədən şirkəti SQM isə dördüncü rübdə qiymət artımı tendensiyasının davam edəcəyini gözlədiyini bildirib.







