Almaniya kütləvi ixtisarlarla üzləşib — ölkənin 88 müəssisəsində ümumilikdə 147 522 iş yerinin ləğvi planlaşdırılır. Bu barədə lobbi təşkilatı “Initiative Neue Soziale Marktwirtschaft” (INSM) tərəfindən aparılan araşdırmaya istinadən”Bild” qəzeti xəbər verib.
Təşkilat 1 iyul 2024-cü ildən etibarən iş yerlərinin ixtisarı barədə elan verən şirkətlərin məlumatlarını təhlil edib. Siyahıda demək olar ki, bütün sahələr təmsil olunub: iri avtoehtiyat təchizatçıları, logistika və IT şirkətləri, aviasiya müəssisələri, həmçinin kiçik maşınqayırma firmaları. Təkcə dəmir yolu konserni “Deutsche Bahn” 30 min, avtoehtiyat istehsalçısı “ZF” isə 14 min iş yerini ixtisar etməyi planlaşdırır.
“Almaniya sənayesində yüz minlərlə iş yeri artıq itirilib. Bu, əvvəlki və indiki hökumətin iqtisadi siyasəti barədə çox şeyi göstərir”, — deyə INSM rəhbəri Torsten Alsleben bildirib. Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Mers radikal tədbirlər görməsə, “Almaniya adlı iqtisadi məkan haqda danışmağı unutmaq lazım gələcək”. O, problemlərin səbəbi kimi həddindən artıq bürokratiyanı, yüksək vergiləri və ixtisaslı kadr çatışmazlığını göstərib.
Azad Demokrat Partiyasının sədr müavini Volfqanq Kubikki isə hazırkı kanslerin fəaliyyətindən məyus olduğunu deyib. Onun sözlərinə görə, “Mers hökumətində artan yeganə şey dövlət borcu və işsizlikdir”.








