ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın xam neftinin dəniz yolu ilə ixracında iştirak edən şirkətlərə, donanmaya və vasitəçilərə qarşı sanksiyalar elan edib. Nazirliyin saytında yayımlanan açıqlamada bildirilir ki, İsraillə 12 günlük müharibədə məğlubiyyətdən sonra İran ordusu büdcəni artırmaq üçün neft satışından əldə olunan gəlirlərdən daha çox asılı vəziyyətə düşüb. Bu vəsaitlər həm silahlı qüvvələrin maliyyələşdirilməsinə, həm də nüvə proqramına yönəldilir.
“İran rejimini gəlirlərdən məhrum etmək onun nüvə ambisiyalarını cilovlamaq üçün həlledicidir”, — deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib. OFAC-ın sanksiya siyahısına “Sepehr Energy Jahan” adlı neft şirkəti və onun Birləşmiş Ərəb Əmirlikləri, Panama və Hindistandakı əlaqəli qurumları; İran neftini daşıyan altı gəmi; “Mahan Air” aviaşirkəti və onun “Yazd Airways” törəmə qurumu; neft və aviatexnika tədarükünü koordinasiya edən fiziki şəxslər daxil edilib.
Açıqlamada qeyd olunur ki, “Mahan Air” İranın dəstəklədiyi Yaxın Şərqdəki terror qruplarını təchiz edib və Suriyaya və Livana silah daşınmasında iştirak edib. Sanksiya siyahısına düşən şəxslərin ABŞ-dəkı bütün əmlakı və əmlak maraqları bloklanıb.
İsrail 13 iyunda İrana qarşı hərbi əməliyyat başladıb və respublikanın nüvə və dövlət obyektlərinə zərbələr endirib. 22 iyunda ABŞ Fordo, Natanz və İsfahan daxil olmaqla, İranın üç nüvə obyektinə hava zərbəsi endirib. ABŞ bildirir ki, bu hücumlar nəticəsində İranın bütün əsas nüvə obyektləri məhv edilib və ölkənin nüvə proqramı “ciddi şəkildə zədələnib”.








