Avropa ölkələrinin liderləri 22 noyabrda keçiriləcək təcili görüşdə ABŞ tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin həlli planını müzakirə edəcəklər. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ-nin təqdim etdiyi plan və Vaşinqtonun Ukraynaya təzyiqinin miqyası Avropa liderlərini və milli təhlükəsizlik məsələlərinə cavabdeh olan rəsmiləri heyrətləndirib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, o, ABŞ-nin sülh təşəbbüslərini şənbə günü Yohannesburqda açılacaq G20 sammitində “dünya liderləri” ilə, həmçinin Volodimir Zelenski ilə müzakirə etməyi planlaşdırır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt daha əvvəl bildirmişdi ki, ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqtonun təklif etdiyi həll planı ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə təmasdadır. Qərb KİV-lərinin əldə etdiyi məlumata görə, ABŞ planına əsasən, ABŞ və digər ölkələr Krım, Donbass və Ukraynanın nəzarətindən çıxmalı olacaq digər ərazilər üzərində Rusiyanın suverenliyini tanımalıdır. Əvəzində Kiyev ABŞ və Avropa təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarılacağı bölgələrdə demilitarizasiya zonası yaradılması nəzərdə tutulur. Ukrayna ordusu ciddi şəkildə ixtisar ediləcək və uzaqmənzilli silahlardan məhrum olacaq. Plana görə, həmçinin ölkə ərazisində xarici qoşunların yerləşdirilməsi qadağan edilməli və rus dili dövlət dili statusu almalıdır. “Bloomberg”in məlumatına görə, plan Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutur.
19 noyabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna üzrə nizamlanmaya dair Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada əldə etdiyi razılaşmalara əlavə ediləcək heç bir yenilik yoxdur.








