16 C
Baku
Sunday, November 23, 2025

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki razılaşmalar açıqlanıb

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.

Bu barədə Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu “Sülh Körpüsü” Təşəbbüsünün üzvü Ramil İskəndərli məlumat verib.

Ramil İskəndərli deyib ki, 21-22 noyabr tarixlərində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri həyata keçirilib: “Bu səfər çərçivəsində iki gün Ermənistan və Azərbaycan tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçirildi. Bu təşəbbüsdə Ermənistandan olan vətəndaş cəmiyyətinin nümayəndələri Arek Koçinyan, Boris Novasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan və azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Fuad Abdullayev və mən iştirak etmişik. Bu prosesin keçən ay İrəvanda başlandığını nəzərə alaraq, artıq Bakı görüşündə bu təşəbbüsün konkret bundan sonra öz adı ilə bir fəaliyyət göstərməsi barədə qərar verilib. Bu, “Sülh Körpüsü” Təşəbbüsü adlanacaq. Bundan başqa, görüş zamanı Azərbaycan və Ermənistan arasında ümumiyyətlə normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi, yəni icra olunacaq birgə fəaliyyətlər müzakirə olunub. Sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də ayrıca müzakirələr aparılıb”.

Ramil İskəndərli görüşdə media sahəsində sahəsində əlaqələrinin qurulmasının intensivləşdirilməsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu da açıqlayıb: “Eyni zamanda razılığa gəlinib ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulsun. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri barədə də razılıq əldə olunub. Həmçinin davam edən sülh prosesi çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Hesab edirəm ki, bu görüşün əsas fərqli cəhəti odur ki, nəticə yönümlü oldu, sadaladığım razılaşmalar əldə edildi, qərarlar verildi”.

“Sülh Körpüsü” Təşəbbüsü nün üzvü nəzərə çatdırıb ki, “Sülh körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb: “Prezidentin köməkçisi qrup üzvləri ilə səmimi şəraitdə bir görüş keçirdi, fikir mübadiləsi apardı. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində addımlar müzakirə olundu, həmçinin sualları da cavablandırdı. Bu, proqramın rəsmi tərəfi idi”.

O bildirib ki, proqramın qeyri-rəsmi, mədəni tədbirlər hissəsi də həyata keçirilib: “Bu çərçivədə Bakıya səfər etmiş qonaqlar müxtəlif yerlərə – Botanika bağına səfər etdilər, Şirvanşahlar sarayı, Qız qalası da daxil olmaqla, İçərişəhərə tur həyata keçirildi. Dənizkənarı bulvar ərazisində də gəzinti təşkil edildi, Nizami küçəsində də oldular. Kukla teatrı, Kiçik Venesiya zonası ilə də yaxından tanış oldular. Proqramın ikinci günündə onlar Ağ şəhərə səfər etdilər. Onların marağına səbəb olacaq bir arxitektura ilə tanış oldular. Bu proqramın əsas mədəni hissələrindən biri də Heydər Əliyev Mərkəzinə səfər idi. Qonaqlar orada həm daimi, həm də müvəqqəti sərgi kompozisiyaları ilə tanış oldular, Heydər Əliyevin həyat yolunu göstərən zonaya baş çəkdilər. Bu səfərin həm rəsmi, həm də qeyri-rəsmi mədəni hissəsi böyük maraqla qarşılandı”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər