2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri üzrə artım nümayiş etdirsə də xidmətin maya dəyərinin daha yüksək dinamika ilə artması mənfəətlərinə təsir edib.
Banker.az xəbər verir ki, bu dövrdə müəssisələrin ümumi gəliri 494,2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 5,5% çoxdur. Artım əsasən nömrələrin satışından və iaşə xidmətlərindən əldə olunan vəsait hesabına formalaşıb.
Gəlirlərin strukturunda ən böyük payı nömrələrin satışı (308,3 milyon manat), ardından iaşə xidmətləri (132,6 milyon manat) tutur. Müalicə-sağlamlıq xidmətləri 13,9 milyon manat, digər xidmətlər isə təxminən 33,3 milyon manatlıq gəlir gətirib.
Hotellərin istehsal və xidmət xərcləri 400,5 milyon manat olub. Xərclərin əsas hissəsi əməkhaqqına (129,2 milyon manat), digər əməliyyat xərclərinə (123,1 milyon manat) və içkilər və yeməklərin hazırlanması üçün alınan mallara (65,4 milyon manat) yönəlib. Enerji və yanacaq xərcləri 29,3 milyon manat, vergilər isə 34 milyon manat təşkil edib.
Beləliklə, 2025-ci ilin ilk üç rübü üzrə sektorun ümumi mənfəəti təxminən 93,6 milyon manat olub. Halbuki, 2024-cü ilin müvafiq dövründə 106 milyon manata yaxın idi.
Dövlət Statistika Komitəsi isə keçən ay bildirmişdi ki, 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 3 milyon 469,3 min olub.
Gecələmələrin ümumi sayının 58,1 faizi Bakıda, 5,8 faizi Qusarda, 5,5 faizi Xaçmazda, 4,9 faizi Naftalanda, 3,8 faizi Qəbələdə, 3,3 faizi Qubada, 2,9 faizi Lənkəranda, 2,5 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Qaxda, 1,2 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,2 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.







