Kakao fyuçersləri dünyanın ən böyük istehsalçısı olan Kot-d’İvuar limanlarına yüksək həcmdə tədarüklər barədə məlumatlardan sonra ucuzlaşmağa davam edir.
Nyu-Yorkda ən aktiv kakao fyuçers müqaviləsi sessiya zamanı 4,1% ucuzlaşaraq tonuna 4 878 dollara düşüb. Bu, ötən ilin fevralından bəri ən aşağı göstəricidir.
“Bloomberg” yazır ki, Kot-d’İvuarın ixrac limanlarına kakao tədarükləri ardıcıl üçüncü həftədir ki, 100 min tonu ötür.
“Expana” şirkətindən Endryu Moriarti bildirib ki, bazar ümumilikdə belə həcmdə tədarükləri gözləyirdi. Onun sözlərinə görə, göstəricilər yaxın həftələrdə bir qədər azalacaq və gələn ilin birinci rübündə ötən ilin səviyyəsinə çatacaq.







