15 C
Baku
Tuesday, November 25, 2025

ABŞ və Rusiya nümayəndələri Əbu-Dabidə görüşüb

ABŞ ordusunun nazirinin müavini Den Driskoll Rusiya nümayəndələri ilə görüşmək üçün Əbu-Dabidədir. Bu haqda mənbələrə istinadən “CBS News” və “Financial Times” məlumat verib.

Bildirilir ki, Driskoll dünən axşam rusiyalı nümayəndə heyəti ilə görüşüb, növbəti danışıqlar raundu isə bu günə planlaşdırılıb. ABŞ rəsmisi “CBS News”a açıqlamasında qeyd edib ki, 25 noyabr görüşü “sülh prosesini müzakirə etmək və danışıqları sürətlə irəli aparmaq” üçün təyin edilib.

FT-nin həmsöhbəti bildirib ki, Ukrayna tərəfi qarşıdakı görüş barədə məlumatlı idi. Qəzetin mənbələrinə görə, Driskollun Əbu-Dabidə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla da görüşü gözlənilir. Qəzet qeyd edir ki, üç tərəfin birgə, yoxsa ayrıca görüşdüyü dəqiq deyil.

Ötən həftə Driskoll Pentaqon nümayəndə heyətinin rəhbəri kimi Kiyevdə olub və orada Ukrayna tərəfinə ABŞ-nin 28 bəndlik sülh planını təqdim edib. O həmçinin Avropa ölkələrinin səfirləri və Qərb rəsmiləri ilə görüşərək, “bu məsələni bitirməyin vaxtının çatdığını” bildirib.

Növbəti olaraq ABŞ ordusunun naziri Ukrayna və Avropa İttifaqının nümayəndələri ilə Cenevrədə sülh planı üzrə danışıqlarda iştirak edib. Vaşinqton və Kiyev bu görüşlərdə irəliləyiş əldə olunduğunu bildiriblər. FT və “Washington Post” yazır ki, sülh planı 19 bəndə qədər azaldılıb. Ukraynanın Bərpa Fonduna təxminən 100 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin ayrılması ilə bağlı bənd ABŞ sülh planı layihəsinin son versiyasından çıxarılıb.

“Bloomberg”in məlumatına görə, ilkin versiyadan çıxarılan bəndlər ayrıca sənədlərdə qeyd ediləcək və sonrakı danışıqlarda müzakirə olunacaq.

Son xəbərlər
Digər xəbərlər