Nüfuzlu investisiya bankı “Morgan Stanley”nin strateqlərinə görə, ABŞ-ın mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) iqtisadi yavaşlama fonunda faiz dərəcələrini ardıcıl şəkildə aşağı salarsa, yapon pulu yaxın aylarda dollar qarşısında təxminən 10% möhkəmlənə bilər.
Banker.az xəbər verir ki, analitiklərin fikrincə, dollar/yen məzənnəsi ilə yapon valyutasının ədalətli dəyəri arasındakı əlaqə pozulub.
Əgər bu əlaqə bərpa olunarsa, 2026-cı ilin birinci rübündə dollar ucuzlaşacaq, ABŞ dövlət istiqrazlarının gəlirliliyi isə valyuta cütlüyünün ədalətli dəyərinə təsir göstərəcək. Eyni zamanda, Yaponiyanın büdcə siyasəti stimullaşdırıcı deyil və ilin ikinci yarısında ABŞ iqtisadiyyatı bərpa olunduqca yena üzərindəki təzyiq yenidən görünəcək.
Cari “ayı” bazarı trendində (hazırda dollara qarşı düşür) yen üzrə “buğa”, yəni artım proqnozu verilir.
Baş nazir Sanae Takaçinin xərcləri artırmaq planları və Yaponiyanın Mərkəzi Bankının faizləri tezliklə qaldırmayacağı gözləntiləri yen üzərində təzyiqi artırır. Bu rübdə yen dollar qarşısında 5,6% ucuzlaşıb və iqtisadiyyatına görə ən iri on (G10) ölkənin valyutaları arasında ən zəif performansı göstərib. “Morgan Stanley” dollar/yen məzənnəsinin 2026-cı ilin birinci rübündə təxminən 140-a düşəcəyini, ilin sonuna isə 147-yə qayıdacağını proqnozlaşdırır.
İndiki 157 səviyyəsi kritik hesab olunur və rəsmi valyuta müdaxiləsi riski qiymətləndirilir. Maliyyə naziri Satsuki Katayama və digər rəsmi şəxslər valyutanın zəifliyi barədə açıqlamalar veriblər. Adətən bu qurumlar intervensiya ilə bağlı bazarı öncədən xəbərdar etsələr də, baş tutmuş intervensiyanın həcmini açıqlamırlar.
“Morgan Stanley” 10 illik Yapon dövlət istiqrazlarını almağı, eyni zamanda 10 illik istiqrazı alıb 30 illik istiqrazı satmağı və 30 illik istiqrazlarla faiz svopları arasındakı spredin azalmasına mərc etməyi tövsiyə edir. Bank hazırkı səviyyələrlə müqayisədə yenin möhkəmlənəcəyini və dövlət borcu bazarının struktur dəyişikliklərinə bahis edilməsini məsləhət görür.








