13 C
Baku
Wednesday, November 26, 2025

“JPMorgan” növbəti iki ildə neft qiymətlərinin 50%-dən çox düşəcəyini proqnozlaşdırıb

Cari ildə neft qiymətləri ciddi şəkildə azalır, lakin “JPMorgan” analitikləri xəbərdarlıq edirlər ki, növbəti iki ildə vəziyyət xam neft istehsalçıları üçün daha da pisləşə bilər.

Bu il neftin qiyməti 15% enib. “JPMorgan” ekspertləri bildirirlər ki, bu eniş əsas iqtisadi prinsipə əsaslanır: təklif tələbi üstələdikdə qiymətlər adətən aşağı düşür.

İnvestisiya bankının analitiklərinin proqnozlarına görə, qarşıdakı illərdə struktur disbalansı yarana bilər və bu, neft bazarına təzyiq göstərməyə davam edəcək. Tələbin artmasına baxmayaraq, neftin təklifi daha sürətlə yüksələcək və bu da tələb və təklif arasında fərqin böyüməsinə səbəb olacaq. 2025 və 2026-cı illərdə təklif tələbdən üç dəfə daha sürətlə artacaq.

“Tələb gözləntilərdən yüksəkdir, lakin təklif daha sürətlə artır, xüsusən də Amerikada”, — deyə “JPMorgan” analitiki Nataşa Kaneva hesabatında qeyd edir.

“JPMorgan”ın proqnozuna əsasən, 2027-ci ilin sonuna neft qiymətləri 50% enə, “Brent” markalı neftin qiyməti isə hazırkı 63,50 dollardan 30 dollara düşə bilər.

Kanevanın sözlərinə görə, təklifin artmasının əsas səbəbi OPEC+ ölkələrinə daxil olmayan istehsalçılar, o cümlədən ABŞ olacaq. Bu isə artıq təklif vəziyyətinə gətirib çıxara bilər və analitiklərin fikrincə, bu tendensiya qiymətlərin daha da düşməsini sürətləndirəcək.

“2026-cı ilə qədər Brent markalı neftin qiyməti 60 dolların altına enə, ilin sonunda isə 50 dollara qədər düşə bilər”, — deyə Kaneva proqnozlaşdırır. “2027-ci ildə vəziyyət daha da pisləşəcək: profisit Brent neftinin orta qiymətini 42 dollara, ilin sonuna isə 30 dollara endirəcək”.

Gözlənilir ki, 2026-cı ildə təklif üzrə artıq həcmlər sutkada 2,8 milyon barelə çatacaq, 2027-ci ildə isə 2,7 milyon barelə qədər azalacaq. ABŞ prezidenti Donald Trampın neft yataqlarının qazılmasını dəstəkləyən mövqeyini nəzərə alsaq, hökumətin müdaxilə ehtimalı aşağı görünür.

Kaneva həmçinin qeyd edir ki, gözlənilən bazar disbalansının miqyası həm təklif, həm də tələb tərəfdən qismən yumşaldıla bilər. Bununla belə, balansın bərpasının əsas yükü, çox güman ki, neft istehsalçılarının üzərinə düşəcək.

Son xəbərlər
Digər xəbərlər