İran Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa çalışır.
Bunu “İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri bildirib.
O qeyd edib ki, hazırda İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə iş gedir: “Bu gün biz MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının kuluarlarında “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin nümayəndələri ilə danışıqlar aparmışıq ki, İrandan Ermənistana gedən yüklərin bir qismi Naxçıvan vasitəsilə tədarük olunsun. Bununla Naxçıvandakı dəmir yolu işə düşəcək. Bunun qısa zamanda həyata keçirilməsi üçün çalışırıq”.
Xatırladaq ki, noyabrın əvvəlində Azərbaycan ərazisindən tranzit keçməklə 1 048,8 ton Qazaxıstan taxılı ilə yüklənən 15 vaqon Ermənistana göndərilib. Yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.







