Son 2 ay ərzində kriptovalyuta sektorunda əhəmiyyətli qiymət korreksiyası müşahidə olunur. Bitcoin (BTC) təxminən 80.000 dollara qədər ucuzlaşdı, bu da oktyabr ayındakı 126.000 dollarlıq maksimumdan 36% aşağıdır. Nəticədə, noyabr ayı BTC üçün 2022-ci ilin iyun ayından bəri ən “zəif” ay oldu. Bu korreksiya tək texniki amillərlə deyil, daha dərin — makroiqtisadi, likvidlik və institusional strukturların dəyişməsi kimi fundamental faktorlarla bağlıdır. Əvvəllər kriptovalyutalar ancaq spekulyativ aktiv kimi qəbul edilirdisə, hazırda BTC və digər əsas kriptolar — beynəlxalq maliyyə sistemində likvidlik vəziyyəti, faiz dərəcələri və makroekonomik göstəricilərlə sıx bağlı “risk aktivləri” kimi qiymətləndirilir. Bu dəyişiklik kriptovalyuta bazarının “öz-başına” dinamikasından çıxaraq, qlobal maliyyə-iqtisadi kontekstdə mövqelənməsinə yol açıb. Bu əsasda kriptovalyuta bazarının təkcə daxili speculyasiya deyil, real dünya iqtisadiyyatındakı dalğalanmalardan da güclü təsirləndiyi tempi artırıb.
Kriptovalyuta sektorunda qiymətlərə təsir edən əsas səbəblər:
- Makroiqtisadi vəziyyət – ABŞ-da və qlobal miqyasda makro göstəricilər — inflyasiya, faiz dərəcələri, pul təklifinin həcmi — kripto aktivlər üçün əlverişsiz istiqamət götürüb. Məsələn, bəzi analizlər göstərir ki, BTC inflyasiya xəbərlərinə mənfi reaksiya verir; yəni inflyasiya gözləntiləri artdıqda və faiz dərəcələri qalxdıqda, kriptovalyutalara pul axını azalır.
- Institusional investorlar və bazar strukturu – Hazırda kriptovalyutalar şaxələnmiş institusional investisiya kanallarına bağlıdır. Məsələn, bəzi ETF-lərə (və ya kripto-fondlara) yatırılmış vəsaitin geri çəkilməsi likvidlik daralmasına və qiymətə təzyiqə səbəb ola bilər. Bu xüsusda, son dövrdə satışların genişləndiyi — spot bazarda və fond kanallarından pul çıxışı olduğu müşahidə edilir.
- Bazar psixologiyası – BTC artıq tək “alternativ aktiv” yox, global risk portfelinin bir hissəsinə çevrilib. Beləliklə, qlobal maliyyə bazarlarında — səhmlər, texnoloji aksiyalar, borc bazarları — dəyişikliklər kripto-ya da ötürülür. Məsələn, qlobal risklər, geopolitik gərginliklər və maliyyə bazarlarında sıçrayış investorları qorxudanda, kriptovalyuta bazarından pul çıxır.
Beləliklə, bu amillərin (makro, institusional, texniki və psixoloji) birləşməsi BTC qiymətinin enməsində sinerji rol oynayıb.
Proqnozlar nədir?
2025-ci ilin sonuna doğru kriptovalyuta bazarının hərəkəti əsasən üç makrofaktorun balansı ilə müəyyənləşəcək: ABŞ Federal Rezervinin faiz siyasəti, istiqraz gəlirlilikləri və likvidlik dövrləri. Faiz dərəcələrinin tədricən azaldılması və ABŞ iqtisadiyyatında “yumşaq eniş” ssenarisi risk aktivlərinə kapital axınını gücləndirə bilər. Bu halda Bitcoin üçün orta müddətli yüksəliş trendinin qorunması daha real görünür. Əgər ABŞ makroindikatorları zəifləsə, xüsusən də istehlak xərcləri və əmək bazarı gözlənilmədən geriləsə, investorların riskdən qaçınma davranışı möhkəmlənəcək. Bu, kripto bazarında tələbin azalması və qiymətlərin yanvari hərəkətə keçməsi ilə müşayiət edilə bilər. Altcoin-lər üçün bu, daha ağır ola bilər, çünki onların performansı tarixi olaraq BTC-in risk sentimentindən daha güclü şəkildə asılıdır. ETF axınlarının sabit qalması və korporativ bilanslarda kripto aktivlərinin payının artması bazarın struktur spekulyativliyini azaldan faktordur. Bu funksiya pozulmadığı halda BTC-in qiymətində yüksək volatillik olsa belə, uzunmüddətli perspektivdə 2025-ci ilin sonuna “tədricən dəyər yığımı” ssenarisi üstün ehtimal kimi qalır.
Qeyd etmək istəyirəm ki, bitcoin son 10 il ərzində 21 dəfə 30% və ya daha çox ucuzlaşıb və yenidən qiymətini bərpa edib. Təcrübəli kriptovalyuta istifadəçiləri və investorlar buna artıq öyrəşiblər. Öyrəşməyənlər bu sektora yeni gələnlər və ya “Wall Street”-dən olan investorlardır. Onların bu cür korreksiyalara adaptasiya ola bilməsi üçün zaman lazım olacaq. Kriptovalyuta bazarında pul qazanmaq imkanları olduqca yüksəkdir amma bunun qiyməti treyderin səbri və əsəbidir. Investorunun ən böyük düşməni bazar deyil, beynindəki səslərdir: “daha çox ala bilərdin”, “niyə tez satdın”, “yenidən düşsə nəcə olacaq”. Odur ki, heç bir koin, ən iddialı qazanc belə insanın rahatlığından daha dəyərli deyil. Bazar həmişə olacaq – ralli gələcək, çöküş də olacaq. Lakin bu prosesin içində özünü itirməmək, qazancları və itkiləri bir-birinə bərabər qəbul etmək kripto investorunun əsl bacarığıdır. Qalan hər şey, sadəcə rəqəmlərin ekrana yazdığı teatrdır. Nəzərə alın ki, kripto bazarında artıq “kim çox qazanır” yarışı deyil, “kim sistemin ritmini başa düşür” mübarizəsi gedir.
Müəllif: Elnur Quliyev







