31 oktyabr 2025-ci il tarixinə ölkənin bank sektorunda fəaliyyət göstərən bankların cəmi aktivləri 56.3 milyard manat, cəmi öhdəlikləri 49.2 milyard manat, balans kapitalı isə 7.16 milyard manat təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat ayında kredit portfeli 0.4% və ya 127.6 milyon manat artaraq 29.4 milyard manata yüksəlib. Kredit portfelində biznes kreditləri 15.6 milyard manat və ya 53.1%, istehlak kreditləri 9.23 milyard manat və ya 31.4%, ipoteka kreditləri isə 4.55 milyard manat və ya 15.5% paya malik olub.
Bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edib və 36.1 milyard manat olub, bu da ümumi öhdəliklərin 73.3%-nə bərabərdir. Depozit portfelinin 20.5 milyard manatı (57%) hüquqi şəxslərə, 15.55 milyard manatı (43%) isə fiziki şəxslərə məxsus olub.
Fiziki şəxslərin əmanətlərinin 10.61 milyard manatı və ya 68.2%-i milli valyutada, 4.94 milyard manatı və ya 31.8%-i xarici valyutada saxlanılıb. Əmanət portfelinin 9.88 milyard manatı və ya 63.6%-i müddətli əmanətlərdən ibarət olub, müddətli əmanətlər oktyabr ayında 163.4 milyon manat (1.7%) artıb. Tələbli əmanətlərin həcmi isə 8.6 milyon manat və ya 0.2% yüksəlib.
2025-ci ilin oktyabr ayında unikal müddətli əmanətçilərin sayı 2.7% və ya 4,812 nəfər artıb, ilin əvvəlindən isə artım 23.6% və ya 35,450 nəfər olub.
Hüquqi şəxslərin tələbli depozitlərinin həcmi 15.24 milyard manat təşkil edib və onların ümumi depozit portfelinin 74.3%-ni əhatə edib.
2025-ci ilin yanvar–oktyabr aylarında banklar 986.8 milyon manat xalis mənfəət və 1.53 milyard manat əməliyyat mənfəəti əldə edib. Eyni dövrdə banklar tərəfindən dövlət büdcəsinə 241.6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bankların sayı 22 olub. Bu bankların 500 filialı, 87 şöbəsi və 3,430 ATM-i mövcud olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26,921 nəfərə çatıb.









