14 C
Baku
Thursday, November 27, 2025

Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev “Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlətimizin başçısı zavodu işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.

69280e55098fc69280e55098fd176423278869280e55098f969280e55098fa 69280e5502c2069280e5502c21176423278869280e5502c1e69280e5502c1f 69280e54e7a2869280e54e7a29176423278869280e54e7a2669280e54e7a27 69280e550fd3b69280e550fd3c176423278869280e550fd3969280e550fd3a 69280e5522dc069280e5522dc1176423278869280e5522dbe69280e5522dbf  69280e552fe3069280e552fe31176423278869280e552fe2e69280e552fe2f 69280e553cd5969280e553cd5a176423278869280e553cd5769280e553cd58 69280e554d22469280e554d225176423278869280e554d22269280e554d223 69280e555348e69280e555348f176423278869280e555348c69280e555348d 69280e555965a69280e555965b176423278869280e555965769280e5559659 69280e555f35469280e555f355176423278869280e555f35269280e555f353 69280e5565bb969280e5565bba176423278869280e5565bb769280e5565bb8

Son xəbərlər
Digər xəbərlər