Cənubi Koreya rəsmiləri ölkənin ən böyük kriptovalyuta birjası olan “Upbit”ə müdaxilənin arxasında Şimali Koreya hökumətinə bağlı olan “Lazarus” haker qrupunun durduğundan şübhələnirlər.
Banker.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hökumət və biznes dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Bu ərəfədə “Upbit” mübadiləsini idarə edən Dunamu şirkəti 44,5 milyard von (30,6 milyon ABŞ dolları) dəyərində kriptovalyutanın sındırılaraq oğurlandığını açıqlayıb. Virtual aktivlər icazəsiz kripto pul kisəsinə köçürülüb. Şirkət müştərilərə itkiləri kompensasiya etməyi planlaşdırır.
“Chosun Ilbo” qəzeti qeyd edib ki, düz altı il əvvəl, 27 noyabr 2019-cu ildə “Upbit” sındırılıb. Həmin dövrdə 58 milyard von (39 milyon ABŞ dolları) dəyərində virtual aktiv oğurlanıb.
Cənubi Koreya da “Lazarus” qrupunun iştirakından şübhələnib. “Yonhap” xəbər verir ki, bu dəfə də oxşar sındırma üsulundan istifadə edilib.








