Böyük Britaniya müvəqqəti olaraq “Lukoil International GmbH” şirkətinin beynəlxalq aktivlərini sanksiyalardan azad edib. 26 fevrala qədər şirkətlə əməliyyatların aparılmasına icazə verilib. Bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında dərc olunan lisenziyada bildirilir.
Lisenziyanın mətnində qeyd olunur ki, “Lukoil International” və ya onun törəmə şirkətləri üçün nəzərdə tutulan vəsaitlər dondurulmuş hesaba köçürülməlidir. Britaniya hökuməti istənilən vaxt lisenziyanı ləğv etmək hüququnu özündə saxlayır.
Britaniya 15 oktyabrda LUKOIL və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etmişdi. Maliyyə Nazirliyində izah olunub ki, bu məhdudiyyətlər şirkətlərin Rusiya hökumətinin maraqları naminə biznes aparması ilə bağlıdır. Rusiya səfirliyi xəbərdarlıq edib ki, bu cür sanksiyalar beynəlxalq enerji bazarlarında sabitliyi poza bilər. 22 oktyabrda Böyük Britaniya Rusiyanın “Rosneft” şirkətinin Almaniyadakı iki törəmə şirkətini sanksiyalardan çıxarıb. 20 noyabrda isə krallıq LUKOIL-in iki Bolqarıstan müəssisəsinə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq ləğv edib.







