“Azərbaycan Sənaye Sığorta” ASC 2025-ci ilin ilk üç rübünü təxminən 1.5 milyon manat xalis zərərlə başa vurub. Halbuki, “Azersun Holding” MMC-yə yaxın olan bu sığortaçının keçənilki vəziyyəti yaxşı qiymətləndirmək olardı – 1.6 mln. manat mənfəət əldə etmişdi.
Banker.az bunu şirkətin rüblük hesabatına istinadən xəbər verir.
Hesabata nəzər yetirdikdə zərərin əsas səbəbləri kimi xərclərin gəlirləri üstələməsi və kompensasiya ödənişlərinin əhəmiyyətli dərəcədə artması görmək olur. Xüsusilə, itkilər üzrə xərclər bir ildə nəzərəçarpacaq şəkildə yüksəlib və əsas əməliyyat nəticəsini zəiflədib.
Şirkətin ümumi gəlirləri bir ildə 19 mln. manatdan 29 mln. manata qalxaraq təxminən 53% artım göstərib. Əsas əməliyyat gəlirləri də 19.4 mln. manatdan 24.9 mln. manata yüksəlib — artım təxminən 28% təşkil edib. Sığorta gəlirləri isə 1.24 mln. manatdan 1.53 mln. manata qalxıb ki, illik 23% genişlənmədir.
Gəlirlərin əhəmiyyətli artımına baxmayaraq, xərclərdəki yüksəliş daha sürətli olub. Ümumi xərclər bir ildə 16.96 mln. manatdan 22.96 mln. manata çataraq təxminən 35% artıb. Əsas əməliyyat xərcləri 10.5 mln. manatdan 13.0 mln. manata yüksəlib (illik 24% artım), itkilərin ödənilməsi üzrə xərc yükü isə 6.5 mln. manatdan 9.1 mln. manata qalxaraq təxminən 40% artım göstərib.
“Azərbaycan Sənaye Sığorta”nın əsas gəlir mənbəsi icbari avto-sığorta bazarıdır ki, cari ilin ilk üç rübündə 14.23 mln. manata qədər artırıb. Bunun qarşılığında 6.24 mln. manat cəmi ödənişlər həyata keçirib. Ümumilikdə götürdükdə, bu sığorta bazarındakı zərərlilik nisbətdə xeyli yaxşıdır. Məsələn, keçən il 10.03 mln. yığıma qarşı cəmi 4.9 mln. ödəniş etmişdi.
Balans göstəricilərində aktivlər 31.4 mln. manatdan 35.6 mln. manata qalxıb (+13%). Öhdəliklər isə daha sürətli artaraq 18.6 mln. manatdan 24.6 mln. manata yüksəlib (+32%). Bunun fonunda kapital göstəricisi 12.7 mln. manatdan 10.9 mln. manata düşüb (təxminən -15%), bu da zərər nəticələrinin kapitala mənfi təsir etdiyini göstərir.
Şirkət həmçinin 2026-cı ilin büdcə planını təsdiq etmək üçün növbədənkənar ümumi yığıncaq çağırıb. Toplantı 26 dekabr 2025-ci il saat 16:00-da Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 ünvanında, “Gümüş Plaza” biznes mərkəzində keçiriləcək.
Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.








