Türkmənistan prezidenti Serdar Berdımuhamedov ölkədə mayninqi, eləcə də kriptobirjalar və “exchanger”lərin fəaliyyətini leqallaşdıran “Virtual aktivlər haqqında” qanunu imzalayıb.
Sənədə əsasən, kriptovalyutalar Türkmənistanda mülki hüququn obyekti kimi çıxış edə bilər, lakin nə ödəniş vasitəsi, nə valyuta, nə də qiymətli kağız sayılmayacaq. Qeyd olunur ki, kriptovalyutalar təminatlı və ya təminatsız ola bilər.
Mayninq fəaliyyəti ilə fərdi sahibkarlar və hüquqi şəxslər məşğul ola biləcəklər. Onların hamısı mütləq qaydada Türkmənistan Mərkəzi Bankında elektron formada qeydiyyatdan keçməlidirlər.
Kriptobirjalar və “exchanger”lər (virtual aktiv xidmətlərinin provayderləri) Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılacaq. Belə platformalarda cüzdan açmaq yalnız pulların yuyulmasına qarşı qanuna əsasən identifikasiyadan sonra mümkün olacaq.
Sənəd kriptovalyutaların reklamı üçün qaydalar müəyyən edir. Bunlara risklər barədə məcburi xəbərdarlıqların daxil edilməsi, həmçinin gəlirlilik, bonuslar, dəbdəbəli əşyalar və yetkinlik yaşına çatmayanların təsvirlərinə qadağa daxildir.







