8 C
Baku
Friday, December 13, 2024

Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərib

Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın (Kaliforniya ştatı) Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məktub ünvanlayıb.


Nazirlikdən Reporta verilən məlumata görə, məktubda bu ilin 22-25 may tarixlərində Kaliforniyada keçirilən və dünyanın müxtəlif ölkələrinin alimlərini bir araya gətirən “WCONSC 2016 : World Conference on Soft Computing” adlı beynəlxalq konfransa verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə olunur.

Lütfi Zadə qeyd edib ki, kommunikasiya və yüksək texnologiyalar müasir cəmiyyətin mühüm hissəsini təşkil edir və bu texnologiyalarla ayaqlaşmaq Azərbaycan üçün olduqca vacibdir: “Bilirəm ki, bu sahəni yüksək prioritet təyin etməklə, siz Azərbaycanı regionda rabitə və yüksək texnologiyalar sahəsində təhsil və elmi tədqiqatlar fəaliyyəti üçün mərkəzə çevirəcəksiniz. Konfransa verdiyiniz dəstəyə görə bir daha təşəkkürümü bildirirəm”.

Alim, eyni zamanda yumşaq hesablamalara (Soft computing) aid konfransa əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Ümumiyyətlə, “World Conference on Soft Computing” adı altında təşkil edilən beynəlxalq konfrans süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi tədqiqatlarına həsr olunur.

2011-ci ildən keçirilən konfransı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maliyyələşdirir. Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.

Son xəbərlər
Digər xəbərlər