Ukrayna ÜDM göstəricilərinə bağlı 2,6 milyard dollarlıq borcun restrukturizasiyasına başlayıb. Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, bu öhdəliklər hərbi əməliyyatların maliyyələşdirilməsi üçün əsas hesab olunur.
Ukraynanın Maliyyə Nazirliyi 1 dekabrda investorları ÜDM varrantlarını 2025-ci ilin sonunadək yeni istiqrazlarla dəyişməyə çağırıb. Saziş çərçivəsində 180 milyon dollara qədər pul bonusu və bir neçə aylıq danışıqlardan sonra faiz ödənişlərinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. FT dəqiqləşdirir ki, bu mövzuda danışıqlar bir neçə ay davam edib.
FT yazır ki, bu addım Kiyevin maliyyə sistemini Rusiya ilə mümkün sülh razılaşmasına hazırlamaq cəhdlərini, həmçinin münaqişənin uzanması halında borc yükünün artmasının qarşısını almaq zərurətini əks etdirir.
30 noyabrda Mayamidə ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. “Axios” yazır ki, danışıqlar əsasən ərazilərlə bağlı məsələlərə fokuslanıb. Portal danışıqları “çətin” və “gərgin”, amma eyni zamanda “məhsuldar” adlandırıb. 1 dekabrda Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Vaşinqton Ukrayna böhranının həlli üzrə sülh planının müddəalarını ciddi şəkildə yenidən işləyib.







