Avropa Mərkəzi Bankı (ECB) Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 140 milyard avro (təxminən 162 milyard dollar) məbləğində kredit verməkdən imtina edib. Bu barədə mənbələrə istinadən “Financial Times” məlumat yayıb.
Nəşr bildirir ki, ECB Avropa Komissiyasının təklifini öz mandatının pozulması kimi qiymətləndirib. FT mənbələri qeyd edirlər ki, bankın qərarı Avropa İttifaqının “Euroclear” depozitində aktivlərin girovu müqabilində kredit cəlb etməkdə çətinliklərini daha da artırıb.
Belçika hakimiyyəti də oxşar mövqedədir. Ölkə hesab edir ki, dondurulmuş Rusiya vəsaitlərinin Ukraynaya verildiyi halda Moskva Rusiya ərazisində yerləşən Avropa şirkətlərinin aktivlərini müsadirə edə bilər. Bu isə Brüsselə qarşı iddialar dalğasına gətirib çıxaracaq.







