Türkiyə noyabr ayında “Urals” markalı Rusiya neftinin idxalını azaldıb və tədarükləri Qazaxıstan və İraq nefti hesabına diversifikasiya edib. Türkiyəyə “Urals” markalı Rusiya neftinin idxalı gündəlik 200 000 barel səviyyəsinə enib.
Konsaltinq şirkəti “Kpler”in məlumatlarına görə, Türkiyə noyabr ayında “Urals” markalı Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaldıb. Bu, Qərb ölkələrinin Rusiya enerji tədarükçülərinə qarşı sanksiyaları sərtləşdirməsi və Türkiyənin neft emalı zavodlarının alternativ neft növlərinə keçməsi fonunda baş verib.
Oktyabr ayı ilə müqayisədə Türkiyəyə “Urals” neftinin tədarükü gündəlik 100 000 barel azalıb və noyabr ayında ümumi idxal həcmi təxminən 200 000 barel təşkil edib.
Tədarükün azalması ABŞ-nin “Lukoil” və “Rosneft” kimi böyük Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Bundan əlavə, Avropa İttifaqının 2026-cı ilin yanvar ayının sonundan etibarən Rusiya neftindən istehsal olunan yanacaq alışına qoyacağı qadağa Türkiyədə şirkətləri alternativ neft mənbələri axtarmağa stimullaşdırır.
“Kpler”in məlumatına görə, “Urals” neftinin idxalının azalması fonunda Türkiyə alternativ növlərin, məsələn, Qazaxıstanın “CPC Blend” və KEBCO, eləcə də İraqın “Basrah” neftinin alışını artırıb.
“CPC Blend” nefti Rusiya limanı Cənub Ozereyevkadan göndərilsə də, əsasən Qazaxıstan şirkətləri tərəfindən istehsal olunur və bu, onu Rusiya nefinə tətbiq olunan Qərb sanksiyalarından qoruyur.
Noyabr ayında Türkiyə gündəlik 105 000 barel “CPC Blend” nefti idxal edib ki, bu da 2024-cü ilin fevralından bəri ən yüksək göstəricidir. “Kpler” qeyd edir ki, iyun ayında Türkiyəyə “Urals” neftinin idxalı aylıq maksimuma çataraq gündəlik təxminən 400 000 barel olub.
Lakin Türkiyənin neft emalı zavodlarının alternativ neft növlərini almaq imkanları məhduddur, çünki Aralıq dənizi bazarında “Urals” keyfiyyətinə bənzər neft təklifi azdır.







