“Prada Group” “Versace”nin 1,4 milyard dollara alışını tamamlayıb, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, müqavilənin dəyəri 1,375 mlyard dollar təşkil edib. “Prada”nın dediyinə görə, şirkət uzun müddətdir bu sövdələşməyə maraq göstərir.
Mart ayında, “Prada” ilə sövdələşmənin elanından bir neçə həftə əvvəl “Capri Holdings” bildirib ki, Donatella Versace 1 aprel 2025-ci il tarixindən etibarən “Versace”nin kreativ direktoru vəzifəsindən ayrılacaq — o, demək olar ki, üç onillik ərzində İtaliya moda evinə rəhbərlik edib. Eyni zamanda məlum olub ki, onun yerinə “Miu Miu” brendinin dizayn direktoru Dario Vitale təyin olunacaq.
“Prada” markası 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən təsis edilib. Əvvəlcə onlar dəri məmulatlarının — çamadan, çanta və digər məhsulların idxalı ilə məşğul olurdular, daha sonra isə öz istehsallarına başlayıblar.
“Versace” markası 1978-ci ildə dizayner Canni Versace tərəfindən yaradılıb. Şirkət moda geyimləri, ətirlər, saatlar, aksessuarlar və digər lüks məhsullar istehsal edir. 1997-ci ildə Canni Versace ABŞ-nin Mayami-Biç şəhərindəki evinin qapısında Andrü Kyunenen tərəfindən öldürülüb. Modelyerin ölümündən sonra şirkətin idarəsi onun bacısı Donatellaya keçib.







