Azərbaycanda 2035-ci ilə qədər çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması nəzərdə tutulur. Bu addım “BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” çərçivəsində hazırlanmış “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) sənədində əksini tapıb. Sənədə əsasən, yaşayış binalarında elektrikli hava-su tipli istilik nasosları və elektrik plitələrinin quraşdırılması planlaşdırılır. Yüksək səmərəli hesab olunan sistemlər həm istilik, həm də isti su təminatında enerji qənaətini artırmağı hədəfləyir.
Sözügedən keçid prosesinin çoxmərtəbəli binalarda qazdan imtina fonunda mənzil bazarına və qiymətlərə necə təsir edəcəyi isə bir suallar yaradır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu praktikaya bəzi qonşu ölkələrdə rast gəlinməklə yanaşı, o cümlədən digər Avropa ölkələrində daha geniş tətbiq olunur.
“Bu, əslində, normal və kifayət qədər optimal bir təklifdir. Təbii qazdan daxili istehlakın azaldılması məqsədilə doğru yanaşmadır, həmçinin ekoloji vəziyyətin tarazlaşdırılması və yaxşılaşdırılması baxımından da müsbət addımdır”.
Ekspertin sözlərinə görə, ölkəmizdə bu istiqamətdə layihələrin icrası müəyyən qədər gecikib:
“Lakin buna baxmayaraq, təşəbbüsü müsbət qiymətləndirir və alqışlayıram. Mənzillərin qiymətinə təsir məsələsinə gəldikdə isə ümumilikdə ekoloji tələblərə uyğun tikinti obyektləri və yaşayış sahələrinin “enerji pasportlaşdırılması” ilə bağlı hökumət xüsusi bir proqram üzərində çalışır. Bu proqram icra edilərsə, həmin qrupa daxil olan mənzillərdə siniflərə uyğun olaraq digər kateqoriyalarla müqayisədə qiymət artımı müşahidə olunacaq. Siniflər aşağı düşdükcə qiymətlər də azalacaq”.
R.Osmanlı əlavə edib ki, ümumilikdə, enerji pasportu tətbiq olunan binalarda qiymətlər digər binalarla müqayisədə daha yüksək olacaq:
“Bununla yanaşı, belə binalarda kommunal və digər istiqamətlər üzrə xərclər, təbii ki, daha az olacaq. Bu səbəbdən vətəndaşların həmin mənzillərə göstərdiyi maraq da daha yüksək olacaq”, – deyə o bildirib.








