11 C
Baku
Wednesday, December 3, 2025

Maykl Byurri vs. Nvidia: Wall Street-in bütün həftə izlədiyi söz atışması

Hedc–fondu Scion Asset Management-i bağladıqdan bir neçə gün sonra, ipoteka böhranından qazanan və “The Big Short” filmindən tanınan investor Maykl Byurri “Cassandra Unchained” (onun X şəbəkəsindəki köhnə ləqəbi Cassandra B.C.-dir) adlı Substack bloqunu açıb. Aylıq 39 dollar dəyəri olan bazarlar haqqında analitik bülleten ilk gündə 21 minə yaxın ödənişli abunəçi toplayıb. Reuters-in məlumatına görə, bu rəqəm artıq 120 min ümumi oxucuya çatıb.

Hər rüb – 45 günlük gecikmə ilə – idarə etdiyi aktivləri 100 milyon dollardan çox olan investisiya şirkətləri və hedc fondları ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 13F forması ilə hesabat təqdim etməlidirlər. Byurri fondunu bağlamağının səbəbini belə izah edir: “Nəhayət tənzimləyici tələblərdən və yanlış şərhlərdən qurtuldum. Bu hesabatlar kontekstdən kənar dərc olunur və portfelin yalnız müəyyən bir anını göstərir. Bu isə tez-tez səhv interpretasiyalara və planlaşdırmadığım bazar reaksiyalarına səbəb olurdu.”

Byurri süni intellekt bumunun ən sərt tənqidçilərindən biridir. İlk yazılarından birində o, hazırkı süni intellekt coşqusunu 1990-cı illərin dotkom çaqqınlığı ilə müqayisə edir. “Köpüyün əsas əlaməti: təklif tərəfinin doymazlığı” adlı qeyddə o yazır:

“Hazırkı süni intellekt bumunun beş ictimai ‘atlısı’ – Microsoft, Google, Meta, Amazon və Oracle – ilə yanaşı, bir neçə ‘hələ yetişməmiş startap’ da yaxın üç ildə süni intellekt infrastrukturuna 3 trilyon dollar sərmayə qoyacaqlarını vəd edirlər. İnvestorlar hədsiz həyəcan içindədir. Və yenə də prosesin mərkəzində ‘kürək və bel’ təmin edən Cisco kimi bir şirkət var. Bu dəfə onun adı Nvidia-dır.”

Byurri Nvidia-nı nə üçün tənqid edir

Byurri bloqunda yazır ki, Nvidia və digər süni intellekt bumunun benefisiarları gəlirlərin tanınması və baha başa gələn GPU avadanlıqlarının amortizasiyası məsələsində düzgün və şəffaf yanaşma sərgiləmirlər. Onun fikrincə, şirkətlər aqressiv mühasibat metodlarından istifadə edərək real mənfəətliliyi olduğundan yüksək göstərirlər. O hesab edir ki, GPU-ların faydalı ömrünün süni şəkildə qısaldılması və amortizasiya xərclərinin qeyri–proporsional bölüşdürülməsi bütün süni intellekt infrastrukturunun mənfəətliliyini şişirdir.

Ayrıca, o, X-də Nvidia-nı çoxlu sayda səhmi əməkdaşlara paylamasına görə tənqid edib — elə ki, milyardlarla dollarlıq geri alışlar (buyback) belə bu səhm sulandırılmasını kompensasiya edə bilmir. Byurrinin hesablamalarına görə, 2018-ci ildən bəri səhmdarlar faktiki olaraq mənfəətin təxminən 50 faizini itiriblər.

Nvidia buna cavab olaraq Wall Street analitiklərinə geniş izahlı bir memo göndərib. Orada belə yazılıb:

“Birincisi, Nvidia-nın strateji investisiyaları şirkətin gəlirlərinin kiçik bir hissəsini təşkil edir və ümumilikdə hər il qeyri-bank özəl kapital bazarlarında cəlb edilən təxminən 1 trilyon dollara nisbətən daha da kiçik bir hissədir. Bundan əlavə, bizim investisiya portfelimizdəki şirkətlər gəlirlərinin əsas hissəsini üçüncü tərəf müştərilərdən əldə edir, Nvidia-dan yox.”

Bu cavablar Byurrini qane etməyib. İnvestorun sözlərinə görə, Nvidia onun əsas arqumentinə – GPU-ların faktiki dəyər itirmə sürəti ilə süni intellekt klasterlərinin yükünün artım tempi arasındakı uyğunsuzluğa – cavab verməyib. O bildirib ki, Nvidia barədə daha çox araşdırma və postlar paylaşmağa davam edəcək.

Niyə bu vacibdir

Byurri ilə Nvidia arasındakı mübahisə investorların getdikcə artan ehtiyatkarlığı fonunda baş verir. Çoxları süni intellekt sektorunda bağlanmış diler–dəstəkli, qapalı dövriyyəli müqavilələrin artmasını potensial “köpük” əlaməti kimi görür. Bu cür strukturlar bəzi bazar iştirakçılarına dotkom dövrünün tərəfdaşlıq sxemlərini xatırladır və sektorun həddindən artıq isinə biləcəyi qorxularını gücləndirir.

 

Son xəbərlər
Digər xəbərlər