11 C
Baku
Wednesday, December 3, 2025

ABŞ-də aztəminatlı ailələrdən olan uşaqlar üçün 1 min dollarlıq “Tramp hesabları” açılacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin azyaşlı vətəndaşları üçün 1 min dollarlıq yığım investisiya hesabları açacaq. Ağ Evdə təşəbbüsün təqdimatı zamanı ABŞ prezidenti Donald Tramp bildirib ki, bu proqram aztəminatlı ailələrdən olan uşaqlara yetkinlik yaşına çatana qədər öz vəsaitlərini toplamağa imkan verəcək.

O vurğulayıb ki, Maliyyə Nazirliyi 2025–2028-ci illərdə doğulan və valideynləri və ya qəyyumları proqramda iştirak üçün müraciət edən bütün uşaqların hesablarına 1 min dollar köçürəcək. “Tramp hesabları” 4 iyul 2026-cı ildə — ABŞ-nin 250 illiyi günündə istifadəyə veriləcək.

Təşəbbüsün şərtlərinə əsasən, 2026-cı ilin iyulundan etibarən valideynlər, ailə üzvləri, yaxınlar və xeyriyyə təşkilatları bu investisiya hesablarına vəsait köçürə biləcəklər. Valideynlərin işəgötürənləri də eyni şəkildə ianə edə biləcəklər. Bu vəsaitlər əsas birja indekslərinə daxil olan şirkətləri izləyən fondların qiymətli kağızlarına yenidən investisiya olunacaq.

“Dell” şirkətinin qurucusu Maykl Dell və həyat yoldaşı Syuzan şəxsi vəsaitlərindən 6,25 milyard dollar bağışlayacaqlarını bildiriblər. Bu məbləğ 2016–2024-cü illərdə doğulan 25 milyon uşağın hesabına 250 dollar köçürmək üçün nəzərdə tutulub. Belə “Tramp hesabları”nın sahibləri ildə ev təsərrüfatlarının orta gəliri 150 min dolları aşmayan bölgələrdə yaşamalıdırlar. Dell ailəsinin hesablamalarına görə, ABŞ-də uşaqların təxminən 80%-i bu kriteriyaya uyğun gələcək. “Uber”, “Nvidia”, “T-Mobile”, “Charter Communications” və digər bir sıra böyük beynəlxalq şirkətlər artıq bu təşəbbüsdə iştirak etmək marağını bildiriblər.

“Tramp hesabları”nın sahibləri 18 yaşınadək bu hesabdakı vəsaitdən istifadə edə bilməyəcəklər. Bu yaşa çatdıqdan sonra isə həmin hesablar adi pensiya yığım proqramlarına çevriləcək.

Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, əgər hesablar hər il maksimum 5 min dollar məbləğində doldurularsa, investisiyanın gəlirliliyindən asılı olaraq, 18 yaşa çatanda yığılan məbləğ 191,5 min dollardan 676,4 min dollara qədər arta bilər. Əgər hesab sahibi bu vəsaiti 28 yaşınadək xərcləməzsə, o halda yığımlar 1,9 milyon dollara qədər çatacaq.

Son xəbərlər
Digər xəbərlər