Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağa hazır olacaq, lakin hər şey Brüsselin öz mövqeyini dəyişib-dəyişməyəcəyindən asılıdır. Bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili “Deutsche Welle” media qrupuna verdiyi müsahibədə bildirib.
“2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzvlük üçün hazır olacaq, lakin biz bilmirik Aİ-nin mövqeyi dəyişəcəkmi? Onlar ikili standartlarla hərəkət edirlər. Əsas olan dialoqdur, amma onlar bizimlə dialoqa girmirlər. Bəzən hökuməti tanıyırlar, bəzən isə yox. Bu — absurddur”, — deyə Kavelaşvili bildirib.
2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib və bundan sonra ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başlayıb. Aİ dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırsa da, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri qanunun məqsədinin ölkədə fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu bildirib. Onların sözlərinə görə, bəzi QHT-lər ölkədə çevriliş təşkil etməyə cəhd göstəriblər.






