“A-Qroup Sığorta Şirkəti” ASC-nin (A Group) 2025-ci ilin ilk 9 ayında xalis mənfəəti 1,66 mln manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 34,24% artıb.
Banker.az şirkətin rüblük hesabatına istinadən xəbər verir ki, Sığorta Şirkətinin cımi gəlirləri 16,1 mln manata çatıb və illik müqayisədə 2,82% artım qeydə alınıb. Əsas əməliyyat gəlirləri 4,32% yüksəlib, investisiya gəlirlərində isə daha kəskin – 24,06% artım müşahidə olunub.
Sığorta ehtiyatlarının dəyişməsi üzrə göstəricinin azalması “A-Qroup”un nəticələrinə müsbət təsir edib. Digər gəlirlər də 38,63% artaraq şirkətin gəlirlərini genişləndirib.
Xərclər isə cəmi 0,13% artıb. Əsas əməliyyat xərclərində 5,63% azalma olsa da, inzibati xərclər 14,25% artıb. Bu fondda maliyyə nəticəsi olaraq mənfəət bir əvvəlki ilə nisbətən 422,8 min manat çoxdur.
“A-Qroup Sığorta Şirkəti”nin biznes strukturunda sığorta yığımlarında da artım müşahidə olunur. Ümumi hesablanmış sığorta haqları 4,92% artaraq 11,16 mln manata yüksəlib. Şəxsi sığorta üzrə yığımlar 1,75% artıb. Əmlak sığortasında 27,29% genişlənmə qeydə alınıb. Yanğın və digər risklər üzrə yığımlar üç dəfədən çox – 307,69% artaraq portfelin ən sürətli böyüyən istiqamətinə çevrilib. Avtonəqliyyat vasitələrinin sığortasında isə 4,83% azalma baş verib. Digər sığorta növlərində 3,12% artım müşahidə olunub.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adnan oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.









