“Industria de Diseno Textil” (Inditex) şirkətinin səhm kotirovkaları analitiklərin proqnozlarından daha yaxşı maliyyə hesabatı təqdim etdikdən sonra 8% artıb. Səhm qiymətləri €53 səviyyəsindədir — bu, son doqquz ayın maksimum göstəricisidir.
“Zara”, “Bershka”, “Pull&Bear”, “Massimo Dutti” və “Stradivarius” brendlərinə sahib olan “Inditex”in gəliri üçüncü rübün yekunlarına görə 4,9% (valyuta məzənnəsinin dəyişmələri nəzərə alınmadan 8,4%) artaraq €9,8 milyard təşkil edib. Analitiklər şirkətin gəlirinin €9,69 milyard olacağını gözləyirdilər.
Şirkət qış mövsümünün uğurlu başladığını ayrıca qeyd edib. Noyabr ayında, “qara cümə” endirimlərinin vaxtında şirkətin gəliri sabit valyuta məzənnəsi ilə hesablandıqda ötən illə müqayisədə 10,6% artıb.
2025-ci ilin ilk doqquz ayının yekunlarına görə “Inditex”in satışları 2,7% artaraq €28,2 milyard təşkil edib. Operatorun xalis gəliri isə ötən ilin eyni dövründəki €4,45 milyard ilə müqayisədə €4,62 milyarda yüksəlib.








